Nigeriyada quldurlar bir neçə kəndə hücum edərək 100-dən çox insanı qaçırıblar

Nigeriyanın şimal-qərbində üç kəndə reydlər zamanı silahlı şəxslər tərəfindən 100-dən çox adam qaçırılıb.
AFN.az "Reuters"ə istinadən xəbər verir ki, Zamfaradakı Birnin-Maqajinin yerli hökumət ərazilərindən birinin rəhbəri Əlhaci Bala silahlıların Qora, Madomava və Cambuzu kəndlərinə hücum etdiyini bildirib. Onun sözlərinə görə, 38 kişi, 67 qadın və uşaq itkin düşüb.
"Ancaq oğurlananların sayı daha çox ola bilər" - deyə dövlət rəsmisi bildirib.
Zamfara hücumlar həyata keçirən və düşərgə qurduqları meşələrə köçən adam oğurluğu dəstələri üçün qaynar nöqtədir. Nigeriya hərbçiləri düşərgələrin bəzilərini bombalayıb, lakin hücumlar davam edir.