ABŞ G7-yə Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi yollarını öyrənməyi təklif edib


Birləşmiş Ştatlar “Yeddilik” (G7) ölkələrini Rusiyanın təxminən 300 milyard dollar dəyərində dondurulmuş aktivlərini müsadirə etməyin mümkün yollarını araşdırmağa dəvət edib.

“Financial Times” mənbələrə istinadən xəbər verir ki, dekabrda G7 ölkələrinin maliyyə nazirləri və onların müavinləri müsadirə mexanizmini necə hazırlamaq və onunla bağlı risklərdən qaçmaq yollarını müzakirə ediblər. ABŞ və onu dəstəkləyən Böyük Britaniya, Kanada və Yaponiya fevralın sonunda baş tutması gözlənilən Yeddilik Qrupunun görüşü üçün mümkün variantları hazırlamaq məqsədilə məsələnin əlavə nəzərdən keçirilməsini təklif ediblər. Vaşinqton məsələnin hüquqi tərəfi, mexanizmin tətbiqi üsulları və risklərin azaldılması ilə məşğul olacaq üç işçi qrupu formatında müsadirə imkanlarının müzakirəsini, habelə müsadirə olunmuş aktivlərin Ukraynaya dəstək üçün yönəldilməsi yollarının öyrənilməsini təklif edib.

"Financial Times"ın məlumatına görə, Almaniya, İtaliya və Fransa qərarlar qəbul edilməzdən əvvəl Rusiyanın aktivlərinin müsadirəsinin qanuniliyini diqqətlə qiymətləndirmək lazım olduğunu bildiriblər. Bundan əlavə, bir neçə avropalı nazir müzakirələrdə yüksək məxfiliyin qorunmasının vacibliyini vurğulayıb.

Qəzetin yazdığına görə, Qərb ölkələri həm Rusiyanın dondurulmuş aktivlərinin birbaşa müsadirəsi, həm də onlardan əldə edilən gəlirlərin istifadə imkanlarını araşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu