Kipr banklarına rublla bütün əməliyyatları dayandırmaq əmri verildi
Kipr hakimiyyəti yerli banklara bütün rubl əməliyyatlarını dayandırmağı və Rusiya Federasiyasından olan müştərilərlə hər hansı əlaqəni məhdudlaşdırmağı əmr edib.
“Politis” qəzeti mənbələrə istinadən yazır ki, bu tədbirə səbəb anti-Rusiya sanksiyalarından yayınma ehtimalı ilə bağlı 29 işin araşdırılması olub.
Bildirilir ki, Qərbin sanksiyalarından yayınma hallarına daha ətraflı baxılması üçün ABŞ hakimiyyəti Kiprə Federal Təhqiqatlar Bürosunun (FTB) və Maliyyə Nazirliyinin əməkdaşlarından ibarət xüsusi qrup göndərəcək. Onlar yerli hakimiyyət orqanlarına ruslarla işləyən bankları, hüquq firmalarını və mühasibat firmalarını hərtərəfli yoxlamağa kömək edəcəklər. Xüsusilə, Rusiya vətəndaşlarının iştirakı ilə ölkədə sahibkarlıq subyektlərinin sürətləndirilmiş qeydiyyatı halları şübhə altına düşüb.
Respublika hökuməti Beynəlxalq Jurnalistika Araşdırmaları Konsorsiumunun (ICIJ) əməkdaşlarının 2023-cü il noyabrın ortalarında "Kipr Məxfi" adlı hesabat dərc etdikdən sonra belə tədbirlər görüb. O, digər məsələlərlə yanaşı, yerli şirkətlər tərəfindən Rusiyaya qarşı sanksiya rejiminin pozulması hallarına da işarə edib. İddia olunur ki, banklara rublla bütün əməliyyatları dayandırmaq əmri Kipr hakimiyyətinin ölkənin işgüzar nüfuzunu bərpa etmək niyyəti ilə bağlıdır.