Dubayda BMT-nin İqlim Sammiti işə başlayıb
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransı öz işinə başlayıb.
BƏƏ-nin rəsmi agentliyi olan WAM-ın xəbərinə görə, Expo City Dubai-də başlayan konfrans dekabrın 12-dək davam edəcək.
Bu il BƏƏ-nin sədrlik etdiyi COP28-də 180-dən çox dövlət və hökumət başçısı iştirak edir.
Konfransda iştirak tələbi 500 minə, mavi zonadan 97 minə, yaşıl zonadan isə 400 minə çatıb.
BƏƏ-nin Sənaye və Qabaqcıl Texnologiyalar Naziri Sultan bin Əhməd əl-Cabir prezidentlik vəzifəsini keçən il COP27-yə ev sahibliyi edən Misirin xarici işlər naziri Samih Şükridən təhvil alıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflərin Konfransı iqlim dəyişikliyi ilə bağlı illik qiymətləndirmələrin aparılması üçün hər il fərqli bir ölkədə keçirilir.