İsveç Rusiya təhlükəsini dəf etmək üçün tezliklə NATO-ya qoşulmalıdır - İsveçin müdafiə naziri
İsveçin müdafiə naziri Pol Conson bildirib ki, İsveç Rusiyadan gələn təhdidi dəf etmək üçün mümkün qədər tez NATO hərbi alyansının tamhüquqlu üzvü olmalıdır.
Bu barədə Reuters xəbər verib.
Pol Conson İsveçin NATO-ya üzvlük prosesini başa çatdırmaq üçün bir müddət verə bilməyəcəyini, lakin ölkənin üzvlüyünü ratifikasiya etmək üçün qalan iki üzv olan Türkiyə və Macarıstanın sonda bunu edəcəyinə əmin olduğunu söyləyib.
İsveç 2022-ci ilin mayında Finlandiya ilə eyni vaxtda NATO-ya üzv olmaq üçün müraciət edib. Hər iki ölkə Ukraynadakı müharibədən sonra hərbi neytrallıqdan əl çəkib. Bu ilin aprelində Finlandiya rəsmi olaraq NATO-ya üzv olub. Lakin İsveç hələ də Türkiyə və Macarıstandan təsdiq gözləyir.
Conson bildirib ki, İsveçin bu təklifi NATO müttəfiqləri arasında güclü dəstəyə malikdir. İsveç NATO-ya daha böyük strateji dərinlik və "vacib hərbi resurslar təklif edib.