Ərəb ölkələri Qəzzada təcili atəşkəs tələb edir
Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Küveyt, Bəhreyn, Oman, Mərakeş Qəzzada dinc sakinlərin öldürülməsini və deportasiyasını pisləyib və dərhal atəşkəs tələb ediblər.
AFN.az xəbər verir ki, adları çəkilən ölkələrin verdiyi ortaq bəyanat Misir Xarici İşlər Nazirliyinin X sosial media platformasında paylaşılıb.
Bəyanatda dinc əhalinin qətlə yetirilməsi, Fələstin xalqının öz torpaqlarından kütləvi şəkildə deportasiya edilməsi, Fələstin məsələsinin ləğvi və total cəza siyasətinin pisləndiyi bildirilib.
Bəyanatı imzalayan ölkələr Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından (BMT TŞ) Qəzzada dərhal və davamlı atəşkəs elan etmək, humanitar yardımın bölgəyə maneəsiz, tez və təhlükəsiz şəkildə daxil olmasını təmin etmək üçün işləməyi xahiş ediblər.
Bəyanatda işğal altındakı İordan çayının qərb sahilində artan gərginlikdən böyük narahatlığın olduğu vurğulanıb. Həmçinin eynəlxalq ictimaiyyətdən Fələstin rəhbərliyinə dəstək verməyə və Fələstin xalqına, o cümlədən Fələstin qurumlarına maliyyə dəstəyi verməyə çağırılıb.