Qarabağa qayıdışdan sonra Bakı necə dəyişəcək? – Tramvay yolları, dəniz taksisi...


Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə böyük köç həyata keçirilir.



AFN.az xəbər verir ki, müəyyən müddətdən sonra Bakıda məskunlaşmış keçmiş məcburi köçkünlərin böyük hissəsi doğma torpaqlarına qayıdacaqlar.

Keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqları təqdirdə Bakını hansı dəyişikliklər gözləyir? Eyni zamanda Bakının hazırda həlli mümkün olmayan hansı problemlərinin aradan qalxacağına ümid etmək olar?

Bu suallara cavab tapmaq üçün əvvəlcə millət vəkili Vüqar Bayramova müraciət etdik. O, BAKU.WS-ə bildirdi ki, böyük qayıdış proqramı reallaşmağa başlayıb: “Artıq Şərqi Zəngəzurda ilk məskunlaşma qeydə alınıb. Bu, ilin sonuna kimi davam edəcək. İlin sonuna kimi 2 min ailənin Qarabağ və Şərqi Zəngəzurda məskunlaşması gözlənilir.

İşğaldan azad edilmiş digər bölgələrimizə qayıdan şəxslər Bakıda yaşayan vətəndaşlardır. Bu vətəndaşların böyük bir qismi Bakı və Sumqayıt qeydiyyatındadır. Sözsüz ki, həmin vətəndaşlarımızın ata-baba yurdlarına qayıtması, Bakı sakinlərin sayına təsir göstərəcək. Azalmalar olacaq və 2026-cı ilədək təxminən 140 min vətəndaş öz doğma torpaqlarına qayıdacaq. Bu da Bakı sakinlərinin sayına təsir göstərəcək”.

Deputat əlavə etdi ki, Bakıda yaşayanların sayının azalması paytaxtdakı tıxaclara müəyyən qədər təsir edəcək: “Amma iqtisadi və texniki baxımdan tıxacın azaldılması üçün heç də yeganə yol deyil. Tıxacların azaldılması ilə bağlı digər istiqamətlərdə də fəaliyyətin genişləndirilməsinə ehtiyac var. Bura iş saatlarının dəyişdirilməsi, ictimai nəqliyyatın genişləndirilməsi, dövlət qurumları və universitetlərin bölgələrə köçürülməsi daxildir.

Sözsüz ki, tramvay yollarının istifadəyə verilməsi müzakirə edilən məsələlərdəndir. Bu istiqamətdə yaxın illərdə addımların atılacağı gözləniləndir. Bunun üçün infrastruktur genişləndirilməlidir.

Eyni zamanda ictimai nəqliyyatın dəniz istifadə səviyyəsinin artırılması, ayrıca yolların ayrılması tıxacların qarşısının alınmasında prioritetdir”.

Mövzu ilə bağlı BAKU.WS-ə danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə qeyd etdi ki, köç prosesi qısa müddətli dövrü əhatə etsəydi, bütün ərazilərə bir il ərzində köçürülmə başa çatdırılsaydı, bu zaman əhəmiyyətli təsir hiss oluna bilərdi:

“Hesab edirəm ki, əhali sıxlığı və infrastrukturun inkişafına hər hansı təsiri hiss edilməyəcək. Hər halda prosesin başa çatmasını gözləməliyik. O zaman dəqiq təhlillər aparmaq mümkün olacaq.

Yəqin ki, hamı bilir və məcburi köçkünlər üçün nəzərdə tutulmuş binaların da taleyinə aydınlıq gətirilib. Bu binaların böyük bir hissəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən satışa çıxarılıb. Bu istiqamətdə başqa qərarlar qəbul etmək olardı, lakin hökumət bunu daha məqbul hesab edib.

Bakıda nəqliyyat problemini qayıdışla əlaqələndirmək də düzgün olmazdı. Paytaxtda nəqliyyat probleminin həlli infrastrukturun inkişaf etdirilməsi, yolların həcminin genişləndirilməsi, yeni yolların salınmasından keçir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu