Havayda meşə yanğınları nəticəsində ölənlərin sayı 89-a çatıb
ABŞ-ın Havay ştatında baş verən meşə yanğınlarında həyatını itirənlərin sayı 89-a çatıb. Hadisə ölkədə son 100 ildə ən çox insan itkisinin yaşandığı meşə yanğınları kimi qeydə alınıb.
CNN-in xəbərinə görə, bölgədəki səlahiyyətlilər Böyük Ada və Maui adalarında davam edən meşə yanğınları ilə bağlı son vəziyyətlə bağlı mətbuat konfransı keçirib.
Havay adalarının qubernatoru Coş Qrin bildirib ki, ölənlərin sayı daha çox ola bilərdi. Bununla belə, Qrin can itkisinin sayının daha da artacağını gözlədiklərini bildirib: "Bu, Havay adalarının yaşadığı ən böyük fəlakətdir. Təxminən 2200 tikili məhv olub, zərərin miqdarı 6 milyard dollardır" - deyə o, əlavə edib.
Maui polis rəisi Con Pelletier bildirib ki, həyatını itirən 89 nəfərdən yalnız 2-nin şəxsiyyətini müəyyən etmək mümkün olub.
Axtarış-xilasetmə işlərini ən qısa zamanda həyata keçirmək istədiklərini ifadə edən Pelletier qeyd edib ki, bu günə qədər itlərlə yanğın bölgəsinin yalnız 3 faizində axtarış aparmaq mümkün olub.
Yanğınsöndürmə rəisi Lori Mur-Merrell Havayda can itkisinin 85 nəfərin ölümünə səbəb olan 2018-ci ildə Kaliforniya yanğınlarını üstələdiyini söyləyib.
Mur-Merrell Havayda baş verən yanğınların ABŞ-da son 100 ildə ən ölümcül meşə yanğınları olduğunu vurğulayıb.
ABŞ prezidenti Co Bayden Mauini yanğına görə "fəlakət zonası" elan edib.
Bayden yanğınlardan zərər çəkənlərin itkilərinin ödəniləcəyini açıqlayıb.