50 min insanın yaşadığı yerdə 10 mindən çox silahlı var - Antiterror əməliyyatı qaçılmazdır


“Qarabağda hər an antiterror əməliyyatları gözlənilə bilər. Bu, situasiyadan və onların davranışından asılıdır”.



Bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert Tərlan Eyvazov bildirib. O qeyd edib ki, Qarabağ bölgəsində minlərlə qeyri-qanuni silahlı birləşmələrin olması barədə Azərbaycan tərəfinin əlində kifayət qədər məlumatlar var:

"Guya son vaxtlar onlar əvvəlki motivasiyalardan əl çəkiblər, silahsızdırlar. Guya heç bu vaxta qədər etdikləri terrorları, Azərbaycana qarşı 30 il ərzində apardıqları qeyri-qanuni qiyamçı hərəkətləri bunlar etməyiblər. Yenə də 1988-ci ildə olduğu kimi, guya dinc nümayişlə əzabkeş rolunda çıxış edirlər və bununla bütün dünya ictimaiyyətinin diqqətini cəlb edib Azərbaycana hansısa bir siyasi, diplomatik, beynəlxalq təzyiqin göstərilməsini istəyirlər.

Amma Azərbaycan tərəfinin əlində kifayət qədər məlumatlar var ki, burada qeyri-qanuni silahlı birləşmələr mövcuddur, onların sayı minlərlədir. Kiçik bir bölgədə, təxminən 50 min insanın yaşadığı bir yerdə 10 mindən çox silahlı adamın olması, təbii ki, heç bir əndazəyə sığmır".

Ekspert bildirib ki, beynəlxalq qurumlara bu barədə dəfələrlə məlumat verilib:

"Həmçinin separatçı qurum rəhbərliyi və Ermənistan rəhbərliyinə də çatdırılıb ki, sizin üçün Azərbaycan tərəfi öz ərazisində hər hansı bir beynəlxalq humanitar koridorun açılmasına etiraz etmir, amma bu yalnız və yalnız Azərbaycan ərazisindən olmalıdır. Onlarsa deyirlər ki, “yox, biz istədiyimiz yerdən olmalıdır". Amma bunlar əvvəl-axır başa düşməlidirlər ki, Ermənistanın bura heç bir qarışacağı yoxdur. Çünki artıq Ermənistan rəhbərliyi dəfələrlə bəyan edib ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə olduğu halda niyə siz yenə köhnə ab-hava uğrunda çarpışırsınız? Bu olmayacaq. Əgər bütün bunlardan sonra hər hansı bir insident, silahlı təxribat baş verərsə, təbii ki, Azərbaycan bunun qarşısını qətiyyətlə alacaq".

O qeyd edib ki, separatçılar "dins aksiya" görüntüsü yaratsa da, orada hər kəsin evində silah var və o silahın açılmayacağı barədə heç kimin təminatı yoxdur:

"Terrorçuların bu hərəkətləri quruculuq işlərində iştirak edən, həm də yurd-yuvasına qayıdan insanlara da böyük qorxu, həyəcan yaşadır. İstər Ağalı kəndində, istərsə də Laçın bölgəsində, harada ki, insanlarımız köçüb yaşayış yerlərində məskən qurublar. O yerlərdə lazımi şəraiti yaradan, bizim dinc quruculuq işiylə məşğul olan inşaatçılarımız, işçilərimiz, əməkdaşlarımız orada yaşayırlar. Onların ailələri, övladları, çox böyük həyəcan keçirirlər, narahatdırlar. Əgər orada olan silahlı birləşmələrin əlindəki silahlar alınmazsa, hər an təhlükə qarşısında qala bilərlər. Təbii ki, Azərbaycanın da aidiyyəti qurumları orada lokal antiterror əməliyyatları keçirməyə tamamən hazırdır və buna məcbur olacaqlar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu