NATO: "Ukrayna irəliləyir, dəstəyi davam etdirməliyik"
NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna ordusunun Rusiya qüvvələrinə qarşı əks-hücumunda irəliləyiş əldə etdiyini və Ukraynaya hərbi dəstəyin davam etdirilməli olduğunu bildirib.
Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Toplantısı çərçivəsində keçirilən NATO-Ukrayna Komissiyası iclasının açılışında çıxış edən Stoltenberq Ukraynanın son vaxtlar Rusiyaya qarşı əks hücuma keçdiyini xatırladıb.
Stoltenberq, "Ukrayna irəliləyir. Biz Ukraynaya hərbi texnika, silah və sursat tədarük etməyə davam etməliyik və bunu artırmalıyıq" deyə vurğulayıb.
Bugünkü görüşdə Ukraynaya daha çox dəstək verilməsini müzakirə edəcəklərini bildirən Stoltenberq, uzun illəri əhatə edəcək bir fond yaratmaq, uzunmüddətli perspektivdə Ukraynanın gücünü artırmaq, sovet dövründən qalma hərbi materiallardan NATO standartlarına keçidi təmin etmək istədiklərini bildirib.
ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin Baş Qərargah rəisi, general Mark Milley də Ukrayna ordusunun Rusiyaya qarşı əks-hücum əməliyyatında davamlı irəliləyiş əldə etdiyini bildirib.
NATO-nun mənzil-qərargahında ABŞ-ın müdafiə naziri Lloyd Austin ilə birgə mətbuat konfransında danışan Milley əks-hücumun “qanlı və şiddətli” olacağını, uzun və baha başa gələcəyini bildirib: "Bu, gözlədiyimiz kimi çətin döyüş olacaq". Ostin Ukraynanın ehtiyaclarını ödəməyə diqqət ayırdıqlarını bildirib.