Bu amerikalı dünyanın hər yerindən pasport toplayır: Osmanlıdan tutmuş, Kraliçanın ulağınadək...


Bəzi insanlar maraqlı hobbiləri ilə diqqət çəkirlər. İnstaqramda tarixə işıq saçan "Vintage Passport Collector" səhifəsinin sahibi də o insanlardandır. Onun topladığı pasportlar dünyanın müxtəlif ölkələrinin tarixini özündə əks etdirir.


Hesabın sahibi Ross Nochimson HaberGlobal-a danışıb.

Ross Nochimson 63 yaşlı həkimdir və Nyu Yorkda yaşayır. Onun ixtisası əzələ problemləridir. Pul və möhür kimi bir çox şeyin kolleksiyaçısı olan Nochimson İnstaqramda "Vintage passport collector" adlı hesabın sahibidir. Nochimsonun pasportlarının əksəriyyəti birinci və ikinci dünya müharibələrinə və soyuq müharibənin ilk illərinə aiddir.

Dr. Nochimson möhür toplamaqdan daha çox pasport toplamağın maraqlı olduğunu düşünür. "Hər bir pasport sahibinin maraqlı hekayəsi var" - deyən kollektorun sözlərinə görə, bəzi pasportların aid olduğu dövlətlər bu gün mövcud deyil.

ABŞ kollektoru 1998-ci ildə pasport yığmağa başladığını bildirir. O, pasportları daha çox onlayn hərrac saytlarından alır. O dövrdə onlayn pul köçürmə texnikasının olmadığını və 2001-ci ildə pul göndərməyin riskli olduğu üçün pasport yığımını dayandırdığını qeyd edən Nochimson, onlayn pul köçürmə tətbiqlərinin geniş yayılması ilə 2011-ci ildə yenidən pasport toplamağa başladığını bildirir.

Nochimson 5 dəfə İsrailə, 2 dəfə Taylanda, bir dəfə Rumıniyaya pasport kolleksiyaçıları, eləcə də hərrac saytları ilə görüşmək üçün getdiyini deyir. O, bu görüşlərdə çoxlu pasport aldığını da bildirir.

Kollektor Suriya, İran və Liviya kimi pasport almaqda çətinlik çəkdiyi ölkələrdən pasport gətirdiyini bildirir. ABŞ gömrüyünün bu ölkələrdən gələn bağlamaları yoxladığını izah edən kollektor, Liviyadan aldığı pasportun 65 gün Nyu York hava limanında qaldığını deyir. Nochimson şəxsiyyəti təsdiq edən sənədləri təqdim etdiyi üçün gömrükdən çağırıldığını və araşdırıldığını bildirir. "Mən səlahiyyətlilərə bildirdim ki, bu pasportun şəxsiyyət dəyəri yoxdur, kolleksiya əşyasıdır və tarixi dəyəri var. Beləliklə, onlar mənə pasportu almağa icazə verdilər". Həkim Liviyadan gətirdiyi bu pasport üçün liviyalı həmkarından kömək aldığını da deyir.

Nochimsonda əvvəllər mövcud olan, lakin sonradan dağılan ştatların pasportları var. Məsələn, bunlardan biri birinci və ikinci dünya müharibələri arasında Polşada yaradılmış Dansiq şəhər-dövlətinin pasportudur. Digəri, vaxtilə Konqoda mövcud olan Katanqa adlı dövlətin pasportudur. Nochimson deyir ki, onun Katanqa pasportunun dəyəri 2500 dollardır. Digər bir ölkə isə 1967-1970-ci illər arasında Nigeriyanın cənubunda yerləşən Biafra əyalətidir.

Onun kolleksiyasında 1850-1864-cü illər arasında Çində Taipin üsyanı zamanı çap olunmuş pasport var. Bu pasportun qiyməti 3500 dollardır.

Osmanlı dövrünə aid pasportunun da olduğunu söyləyən Nochimson bu pasportda "Sultan 5-ci Mehmet adına" ifadəsinin olduğunu əlavə edir. Nochimsonun kolleksiyasında Osmanlı İmperiyasından başqa Türkiyə Cümhuriyyətinin ilk dövrlərinə aid bir çox pasport da var. Onların arasında Atatürk dönəmində dövlət xadimi olmuş şəxslərin də sənədləri var. Onun əlində olan ən qiymətli pasport Kraliça Elizabetin şəxsi ulağının (poçtalyon-red.) pasportudur. Bu pasportun dəyəri 5000 dollardan çoxdur. Nochimson deyir ki, onun şah dövründə İranın hər iki baş nazirinin pasportu var.

Doktor Nochimson İnstaqram səhifəsində qeyd edir ki, izləyicilər bəzən pasportlarda yazılan məlumatlarla ona kömək edirlər. O, tez-tez türk izləyicilərindən də kömək alır. Ancaq bəzən Instagram şərhlərində müzakirələr yaranır. Nochimson bildirir ki, o, nasist Almaniyası dövrünə aid pasportları paylaşarkən çox diqqətli olur. O, heç bir siyasi baxışı təbliğ etmədiyini, bu pasportları yalnız tarixi sənəd kimi paylaşdığını bir daha bildirir.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu