ABŞ-dan şok süni intellekt qərarı


Süni intellekt texnologiyalarını inkişaf etdirən şirkətlər arasında artan rəqabət yeni təhlükələr yaratmaqdadır. Ekspertlər bir-birinin ardınca yaradılan süni intellekt məhsullarının bəşəriyyət üçün yaratdığı təhlükələrdən geniş danışırlar. İnsanların öz yaratdıqları robotların, proqramların əlində əsir qalacağını iddia edənlər də var. Artıq dünya dövlətləri bu həyəcan təbilinə qoşulublar.


ABŞ hökuməti geniş yayılmış süni intellektli robotlardan sui-istifadə hallarına qarşı sərt tədbirlər görüləcəyini açıqlayıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Federal Ticarət Komissiyasının sədri Lina Xan, Ədliyyə Departamenti, Bərabər Məşğulluq İmkanları Komissiyası və İstehlakçının Maliyyə Müdafiəsi Bürosunun rəsmiləri ilə süni intellektin ədalətsiz, aldadıcı və ya sui-istifadə hallarına qarşı mübarizə səyləri ilə bağlı görüş keçirib.

Görüşdən sonra verilən birgə bəyanatda süni intellektli robotlardan sui-istifadə hallarına qarşı hüquq, ədalət və bərabərlik prinsiplərini müdafiə etmək öhdəliyi götürülüb. Süni intellektin faydalı olduğu kimi qeyri-qanuni də istifadə oluna biləcəyi və ayrı-seçkiliyə səbəb ola biləcəyi də vurğulanıb.

ABŞ qanunlarına uyğun olaraq süni intellektli robotların istifadəsi istiqamətində mühüm addımların atılacağı bildirilib. FTC sədri Lina Xan bildirib ki, amerikalıları süni zəka saxtakarlığı və ayrı-seçkilik kimi təhdidlərdən qorumaq üçün bütün səlahiyyətlərdən və imkanlardan istifadə olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu