Naxçıvanda vəkil olmaq istəyənlərin nəzərinə


“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub.


Sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq, 2018-2023-cü illər arasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı 10 yazılı test imtahanı keçirilib, imtahanda iştirak edən 4000-dən çox namizəddən 1386 nəfəri ixtisas imtahanlarını müvəffəqiyyətlə başa vuraraq vəkil andı içiblər. Keçirilən imtahanlar nəticəsində hazırda Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin sayı 2307 nəfərə çatdırılıb ki, bu da Azərbaycan Respublikasında hər 100 000 vətəndaşa 24 vəkilin hüquqi yardım göstərməsi deməkdir.

Lakin, ötən müddətdə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı 1 test imtahanı keçirilib. Hazırda Naxçıvan Muxtar Respublikası ərazisində 16 vəkilin fəaliyyət göstərdiyini nəzərə alaraq, Naxçıvanda hər 100 000 vətəndaşa hüquqi yardım göstərən vəkil sayı 4 nəfər təşkil edir.

Cari il Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının səlahiyyətli nümayəndəliyi arasında görüş zamanı Naxçıvanda vətəndaşların keyfiyyətli hüquqi yardıma əlçatanlığının təmin olunması məqsədilə vəkillərin və vəkil qurumlarının sayının artırılmasına ehtiyac olduğu qeyd edilib, mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin diqqət mərkəzində olması vurğulanıb.

Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birgə əməkdaşlıq çərçivəsində Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlüyünə (vəkilliyə) qəbulla bağlı müsabiqə elan olunur.

Vəkil olmaq üçün namizəd:

- ali hüquq təhsilli olmalı;

- hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajına malik olmalı və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərmiş olmalıdır.
Vəkilliyə namizədlərin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün və vəkil peşəsinə yararlılığının müəyyən edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən testdən və şifahi müsahibə mərhələlərindən ibarət ixtisas imtahanları keçiriləcək. Vəkilliyə qəbulla bağlı ixtisas imtahanını müvəffəqiyyətlə vermiş vəkilliyə namizədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər.

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsində iştirak etmək istəyən şəxslər müvafiq ərizə-anket formasını doldurmalı və imtahanda iştirak üçün nəzərdə tutulmuş ödənişi keçiddəki bank rekvizitləri vasitəsilə ödəməlidirlər. Doldurulmuş ərizə-anket formasını və ödəniş qəbzini Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim etməklə və ya onlayn formada müvafiq sənədlərin skan surətlərini vk.naxcivan@gmail.com elektron poçt ünvanına göndərməklə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edə bilərlər.

Əlavə məlumat üçün əlaqə vasitələri:

- Telefon: (036) 54558-06

- Məsul şəxsin əlaqə nömrəsi: 050-768-88-80

- elektron poçt: vk.naxcivan@gmail.com

- elektron poçt: office@barassociation.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu