Nəsib bəy və Nərimanov arasında düşmənçiliyin səbəbi - Tarixi faktlar


Tarix həqiqətləri sevir. Mən Nəriman Nərimanovu tarixi şəxsiyyət kimi qəbul edirəm. Onun gördüyü müəyyən işlər var, çox heyf ki, hələ də arxiv sənədlərində yatır və üzə çıxmır. Nərimanov şəxs olaraq, səhvini başa düşüb, az da olsa, azərbaycanlılar üçün gördüyü işə görə onu tənqid edənlərə qarşı qoruyuram.


Təkcə Üzeyir bəy Hacıbəylini, Hacı Zeynlabdin Tağıyevi, Əlimardan bəy Topçubaşini, Səməd bəy Mehmandarovu, Əliağa Şıxlinskinin həbs və ölüm əlindən və ən əsası Rəsulzadəni Əliheydər Qarayevin ölüm fərmanından xilas etməsi ona münasibətimin normal olmasının səbəbidir. Amma Nərimanovun xidmət etdiyi idealogiya, bolşvemizə sadiq olması, Cümhuriyyət ordusunun onlarla zabit və əsgər heyətinin, ictimai xadimlərin ölüm ayağına verməsi məsələsi də bir tərəfdən onu xain kimi qəbul etməyimə səbəb yaradır. Mən elm adamıyam, hisslərimlə davaranıram bəzən, amma bunun qarşısını almağa çalışıram. Çünki elm neytrallıq tələb edir və mən tarixi faktları olduğu kimi yazmalıyam. Bu faktlardan sonra şəxsləri və prosesləri qəbul edib etməmək oxucunun öz işidir. Mən təkrar edirəm digər yazılarımda da yazdığım kimi, Nərimanovçuluq çox təhlükəlidir, o ideyanı yaşatmaq çox qorxuludur. Amma Naxçıvan, Qarabağ və Zaqatala-Balakən məsələsində o dövrdə, işğalın başlanğıc dövründə nələrsə edə bilibsə Nərimanov buna görə ona sağ ol düşür. Bu da onu tarixi şəxsiyyət edir, amma qəhrəman yox. Nərimanov nə qəhrəman olub, nə də xilaskar. Onun adını isə yenə deyirəm qorumaq lazımdır. Amma tarix kitablarında, muzeylərdə. Şəxsən mənə görə Nərimanovun elə əzəmətli heykəlinin yerində Rəsulzadə, Nəsib bəy, Həzi Aslanov, Nadir Şah, Şah İsmayıl Xətai, Cavad xan, Babək, Polad Həşimov, Allahverdi Bağırov, Albert Aqarunov kimi şəxslərin heykəlləri ola bilərdi. Nərimanovu isə büst formasında saxlamaq lazımdır.
Tarixi yazan zaman ədalətli olmaq lazımdır. Doğru faktları yazmaq lazımdır. Məsəl üçün bəzən elə faktları Nərimanovun ayağına yazırlar ki, əslində o hadisə tamam başqa cürə olub. Nəsib bəy-Nərimanov münasibətləri barədə mənim üçün NƏSİB bəy YUSİFBƏYLİ çox ağır gəlir. Hətta mənim üçün Rəsulzadə və digərlərindən də daha çox ağır gəlir. Mənə görə XX əsrdə Azərbaycan siyasi həyatında Nəsib bəy kimi ikinci adam hələ dünyaya gəlməyib. Nəsib bəylə Nərimanov arasında münasibətlərin kəskin olmasının səbəbi pedaqoq və siyasətçi İsmayıl Qaspıralının qızı Şəfiqə xanım üzərində olub. Nəsib bəyin sevgisinə qarşılıq verən Şəfiqə xanıma o dövrdə Nərimanov elçi düşür. Bundan sonra Nəriman Nərimanov Nəsib bəy Yusifbəylini sevdiyi xanıma görə duelə çağırır. Duel baş tutur. Nərimanovun atdığı güllə Nəsib bəyə dəymir. Nəsib bəy Yusifbəyli isə sıra ona çatanda, silahını ataraq deyir: “Mən əlimi azərbaycanlı qanına batırmaram!” Dueldən xəbər tutan Şəfiqə xanım Nəsib bəyi seçir. 1906-cı ildə Yusifbəyli və Şəfiqə xanım ailə qururlar və bu evlilikdən onların iki övladı olur. Nərimanov bu hadisədən sonra Nəsib bəyə və Şəfiqə xanıma qarşı kin bəsləyir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, Nəsib bəyin qətl edilməsi yenidən Şəfiqə xanımı Azərbaycandan didərgin salır. Bolşeviklər onu övladları ilə birlikdə yaşadığı mənzildən çıxararaq kücəyə atır. Bəzi tarixçilər yazır ki, guya Nəriman Nərimanov ona kömək edib Türkiyəyə köçməsinə yardım edir və ona aylıq pul göndərir. Əzizlərim bu YALAN-dır. Şəfiqə xanımın evdən atılması əmrini elə Nərimanov özü təşkil edir. Ona yox deyən qadını bağışlamaq istəmir. Şəfiqə xanımı bu çətin günlərdən, bəlkə də gələcəkdə represiyyalardan Bakıdakı TBMM təmsilçisi Memduh Şevket Esendal xilas edib. Məhz onun səyi nəticəsində Şəfiqə xanım və ailəsi Türkiyəyə gətirilir. Türkiyədə olarkən digər Qaspıralı övladları kimi səfalət içində yaşasa da, uşaq evlərində, Hilali-Əhmərdə (Qızıl Ay), tərcüməçilik sahəsində çalışaraq həyatla mübarizə aparır.
1930-cu ildə Türkiyədə Krım Qadınlar Cəmiyyətini təsis edir. Övladlarına ali təhsil verir. İllər boyu topladığı zəngin arxivini tədqiqatçı Nəcib Həbləmitoğluna bağışlayır. Sonuncu isə “Şəfiqə Qaspıralı və Rusiyada türk qadın hərəkatı (1893-1920)” adlı Azərbaycan tarixi üçün də mühüm olan bir kitab dərc etdirir. 1975-ci ilin avqustunda Şəfiqə xanım Türkiyədə həyata göz yumur.

Zaur Əliyev, dosent




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu