140 yaşlı “Kaspi” və “Каспий” qəzetləri artıq yeni tərtibatda
Hazırda "Global Media Group"un təsisçisi olduğu “Kaspi” və “Каспий” qəzetləri bu gündən yeni tərtibatda çap olunmağa başlayıb.
Həftədə 1 dəfə işıq üzü görən 16 səhifəlik qəzetlər həm Azərbaycan, həm də rus dillərində çap olunur. Dillərin fərqliliyi kimi, hər iki dildə çatdırılan xəbərlər də bir-birini təkrarlamır. Ən maraqlı xəbərləri kağız daşıyıcıda oxuyucuya təqdim etmək və qəzet mədəniyyətini yaşatmaqla dövri mətbuatın rəngarəngliyini təmin edir.
“Kaspi” qəzeti 1881-ci ildən rus dilində nəşr olunmağa başlayıb. 1897-ci ildən mesenat Hacı Zeynalabdin Tağıyev tərəfindən alınan qəzetin baş redaktoru Əlimərdan bəy Topçubaşov olmuşdur. Qəzetdə Həsən bəy Zərbadi başda olmaqla, Məhəmməd ağa Şaxtaxtinski, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Ceyhun Hacıbəyli, Nəriman Nərimanov kimi Azərbaycanın maarifpərvər ziyalıları çalışmışdır. 1907-ci ilə kimi “Kaspi”nin 300-dən çox sayı Həsən bəy Zərdabinin imzası ilə işıq üzü görmüşdür.
1918-ci ildə erməni vandallarının Bakıda törətdiyi soyqırımı zamanı “Kaspi” qəzetinin keçmiş Nikolayevski, indiki İstiqlaliyyət küçəsində yerləşən mətbəəsi (hazırda həmin yerdə Sabir bağı yerləşir) yandırılıb və qəzetin nəşrində fasilə yaranmışdır.
“Kaspi” 1919-cu ildə fəaliyyətini dayandırıb. İşıq üzü gördüyü 40 ilə yaxın dövr ərzində qəzetin on mindən çox nüsxəsi çıxmışdır.
140 yaşlı “Kaspi” və “Каспий” qəzetlərinin fəaliyyəti 1999-cu ildə bərpa edilib.