Neft Fondunun Moskvada aldığı ofis-ticarət mərkəzi "batır"


Ukraynaya işğalçı hücumdan sonra xarici şirkətlərin ölkəni tərk etməsi Rusiya paytaxtı Moskvadakı ticarət mərkəzlərində boş sahələrin sürətlə artmasına səbəb olub.


Belə ki, AFN.az-ın Rusiya mediasına istinadən məlumatına görə, Moskvanın əsas ticarət mərkəzlərində boş yerlərin orta payı ilin birinci rübündə 14%-ə çatıb. Bu, son 10 ildə ən yüksək həddir. Eyni zamanda, bu göstərici əvvəlki rübün nəticəsini də əhəmiyyətli dərəcədə yeniləyərək rekord dəyişməyə səbəb olub. Bu rəqəmin pik nöqtəsi 11,5% olub. Müşahidəçilər hesab edirlər ki, ticarət mərkəzlərində boş yerlər üzrə göstərici pik səviyyəyə yaxınlaşır, bundan sonra vəziyyət sabitləşəcək. "Xarici pərakəndə satıcılarla icarə müqavilələrinə xitam verilməsi prosesləri yekunlaşır, nəticədə onların əvvəllər zəbt etdiyi ərazilər boşaldılır", - deyə bildirilir.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2012-ci ildə Moskva şəhərində “Tverskaya 16”ünvanında yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzini satın alıb. Fond həmin vaxt açıqlamasında qeyd edirdi ki, dəyəri 133 milyon ABŞ dolları təşkil edən bina Moskva şəhərinin tarixi mərkəzində yerləşir: “Tverskaya” küçəsi məşhur mehmanxana və ofislərin, eləcə də bir çox beynəlxalq ticarət brendlərinin təmərküzləşdiyi ərazidir. Bina “Tverskaya” küçəsi və “Strastnoy” bulvarın kəsişməsində, Kreml və Qızıl Meydanın yaxınlığında yerləşir.1881-ci ildə teatr binası kimi istifadəyə verilmiş bu bina tarixi fasadı saxlanılmaq şərtilə 1995-ci ildə yenidən təmir olunub. Binanın ümumi sahəsi 18 075 kv. metr təşkil edir. Əmlak illik icarə haqqı9,6 milyon ABŞ dolları olmaqla, müxtəlif maliyyə, sığorta və konsaltinq xidməti göstərən, eləcə də müxtəlif lüks və orta səviyyəli ticarət şirkətlərinə icarəyə verilib. Binanın yerləşdiyi ərazinin müstəsnalığı, eləcə də Moskva ofis daşınmaz əmlak bazarının güclü fundamental əsasları bu investisiyadan daimi gəlirliliyin əldə edilməsinə şərait yaradan amillərdəndir ki, binanın ticarət obyektlərinə icarəyə verilən hissəsi üçün nəzərdə tutulan yeniliklər nəticəsində də gələcəkdə bu gəlirliliyin daha da artırılması planlaşdırılır”.
Bu açıqlamaya rəğmən, Hesablama Palatasının araşdırmaları göstərir ki, Moskvadakı əmlakla bağlı gözləntilər özünü doğrultmayıb. Xarici şirkətlərin Rusiyanı tərk etməsindən sonra binadan gəlir əldə olunması daha da çətinləşəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu