Məhdud imkanlarla böyük işlər görən həkimlərə təşəkkür yazısı


Qızımın növbəti dəfə qızdırması qalxanda artıq başa düşdüm ki, bu virus öz işini görüb. Hər gün mediadan, sosial şəbəkələrdən izlədiyim həkimlərin dediyi kimi, gecikmişik. Artıq iki aya yaxın idi ki, uşaqlar sağalır yenidən virusa yoluxurdular.


Bu dəfəki hədsiz ağır qızdırma verməsilə narahatlığımıza səbəb oldu. Kiçik qızlarımız qızdırmalı-öskürəkli dövrü adlatsalar da, böyük qızım Nərgiz sağalıb məktəbə getdiyinin ikinci günündə yenidən öskürək və qızdırma ilə evə gəldi. Dərhal həkimə müraciət etməliyik deyə qərar verdik. Yolumuzu ilk öncə 1 saylı uşaq infeksion xəstəxanasından saldıq. Xəstəxananın baş həkiminin də nəzarəti altında aparılan müayinələrdən sonra həkimlər diaqnoz qoysalar da, rentgenə ehtiyac duyulduğunu dedilər.
Rentgen Ağciyər Xəstəlikləri İnstitutunda çəkildi. Təəssüflə qeyd etməliyəm ki, bu günlər ərzində baş çəkməyə məcbur olduğumuz uşaq xəstəxanalarının heç birində rentgen aparatı işləmirdi. Bunun da uzun illər ərzində quruculuq yox, dağıdıcılıq fəaliyyəti ilə məşğul olan Səhiyyə Nazirliyinin fəaliyyətinin nəticəsi olduğu hamımıza məlumdur. Təbii olaraq deyə bilərsiniz ki, bəs TƏBİB, İcbari Tibbi Sığorta Agentliyi? Bu qurumlar fəaliyyətə başladığı ilk vaxtlardaca başlayan Covid-19 bəlasından təzə qurtulub. Ümid edək ki, qeyd edilən problemlərin aradan qaldırılması istiqamətində hansısa addımlar atılacaq. Çünki söhbət uşaq xəstəxanalarından gedir. Söhbət həm də bu xəstəxanalarda çalışan çox bacarıqlı, savadlı, işini sevən həkimlərin peşəkar fəaliyyətlərindən gedir. Aidiyyatı qurumlar onları təmin etməlidirlər ki, onlar da bizim körpələrimizin sağlığının keşiyində dayana bilsinlər.
Mövzudan çox uzaqlaşmadan qeyd edim ki, rentgen də eyni diqanozu qoydu: pnevmaniya. Və uşağın xəstəxana şəraitində müalicə almalı olduğu deyildikdə ilk narahatlığım “hansı xəstəxanada olacaq” oldu. Yuxarıda qeyd etdiyim kimi, artıq uşaqlar bir neçə dəfə xəstələniblər və mən bir neçə dəfə müxtəlif xəstəxanalarda olmuşam, heç birində şəraitin ürəkaçan olmadığını gözümlə görmüşəm. Amma bu dəfə seçim bizə qalmadı, həkimlər qətiyyətlə bu durumda 6 saylı uşaq infeksion xəstəxanasında yatmalı olduğumuzu bildirdilər. Xəstəxanaya gəldik, axşam saatlarında yerləşdik. Müəyyən səbəblərdən bir gecə şöbədə qalsaq da, səhəri gün reanimasiyaya köçdük. Məhz burada biz məhdud imkanlarla böyük işlər görən həkim-pediatr Emil Nuriyevi, həkim-pediatr Vüsalə Səfiyevanı, Pərvin həkimi tanıdıq.
Reanimasiyada yatdığımız ikinci gündə ora gətirilən 9 yaşlı xəstə qızcığazın başından ayrılmayan həkimlərin şücaəti məni heyran etdi desəm, az olar. Həm astma xəstəsi olan, həm virusa yoluxan bu qıza göstərilən qayğı, onun həyatda qalması üçün iki sutka dayanmadan ətrafında dolanan, bütün mümkün müdaxilələri edən həkimlər əslində yoxdan var edəndirlər mənim nəzərimdə. Niyə belə düşünürəm? Yuxarıda da qeyd etmişəm, 30 ilə yaxındır qurulmayan bir sistemin çalışanlarıdır onlar. Əllərinin altında bəlkə də sadəcə ilkin tibbi yardım üçün olan avadanlıqlar belə tam olaraq yoxdur. Lazım olan tibbi aparatlar, dərmanlar hərəsi bir xəstəxanadan, bir tərəfdən gətirilirdi. Bununla belə, onlar 9 yaşlı Dilşadı həyatda saxlamağa, təhlükəni hələlik ondan uzaqlaşdırmağa nail oldular. Bundan sonrası Allahın qismətidir. Çünki onun da valideynləri həkimə müraciət üçün gecikiblər...
Biz də 3 günlük müalicədən sonra Emil həkimin məsləhəti və Nərgizin müalicəsini ev şəraitində davam etdirmək şərti ilə xəstəxanadan çıxdıq. Bu yazını yazmaqda məqsədim əvvəla, valideynlərə səslənməkdir: övladlarınızın qızdırması qalxdığı ilk andan həkimə müraciət edin, müalicəni həkim nəzarətində aparın. Yoxsa sonra gec ola bilər. 6 saylı xəstəxanada gördüyüm saysız-hesabsız xəstə uşaqların hamısı valideyn səhlənkarlığının qurbanı idi.
Digər tərəfdən, xəstəxanadakı xəstə uşaqların hər birinə qayğı və nəvazişlə yaxınlaşan Emil həkimə, Vüsalə həkimə, Pərvin həkimə, tibbi personaldan Şəfəq xanıma, Laləzar xanıma, bütün kollektivə təşəkkür borcum var. Təkcə mənim qızıma yox, ordakı bütün xəstə uşaqlara göstərdikləri diqqətə görə. Məhdud imkanlarla böyük işlər gördüklərinə görə.
Allah heç bir körpənin yolunu xəstəxanadan salmasın! Sağlam olun!

Həbibə ABDULLA






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu