Son günlər uşaqlara niyə pnevmoniya diaqnozu qoyulur?
Son günlər azyaşlı uşaqlara pnevmoniya diaqnozunun qoyulması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Valideynlər bildirirlər ki, həkimlər bunun uşaqlar arasında yayılmış yeni virus olduğunu qeyd edirlər. Bir neçə valideyn isə uşaqlarını soyuğa vermədiyi halda belə bir diaqnozun qoyulmasına görə narahat olduqlarını vurğulayır.
“Qafqazinfo” valideynlərin narahatlığına səbəb olan vəziyyətlə bağlı pediatr Aytən İsmayılzadənin fikirlərini öyrənib.
Həkim-pediatr uşaqların çoxuna qoyulmuş pnevmoniya diaqnozunu şişirdilmiş hesab edir: “Bunlar yanlış qoyulmuş diaqnozlardır. Özüm də praktikada bir neçə dəfə rastlaşmışam. Uşaqları rentgen edirlər, xəstəxanada yatızdırmaq istəyirlər. Ancaq baxırsan ki, ortada heç nə yoxdur. Son zamanlar uşaqlar arasında bronxit problemləri yaşanır.
Yeni yayılan virusu mövsümü virus da adlandıra bilərik. Dəqiq adını müəyyən etmək üçün PCR analizlər vermək mümkündür. Qeyd edim ki, bu virus uşaqlarda kəskin quru bronxitlə müşahidə edilir. Belə ki uşaqlar davamlı öskürürlər. Valideynlər özbaşına rentgen də etdirə də bilərlər. Rentgendə yanlış olaraq pnevmoniya diaqnozu da qoyula bilər. Ancaq belə diaqnoz qoyulmamalıdır.
Düzdür, bəzən antibiotiklərdən istifadə etmək lazım gəlir. Çünki uşaqlarda öskürək davamlı olaraq baş verir. Səbəbi isə virusla bağlıdır. Pnevmoniya və uşaqlarda ağırlaşmış vəziyyətlərlə bağlı digər məlumatlara sahib deyiləm. Ancaq uşaqlarda öskürək davamlı olaraq baş verirsə, vaxtında həkimə müraciət etmək lazımdır. Virusdan isə uşaqları qorumaq demək olar ki mümkün deyil. Çünki infeksiya yayıldığına görə, yoluxma ehtimalı da yüksəkdir”.