Pediatr uşaqların həkim məsləhəti olmadan antibiotiklərlə müalicəsinin fəsadları haqda


18-24 noyabr tarixlərində Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsi keçirilib. Ölkəmizdə, eləcə də bütün dünyada qış aylarında respirator xəstəliklərinin sayının artması ilə antibiotiklərin yanlış istifadəsi problemi aktuallaşır. Bu, xüsusilə uşaqlar üçün ciddi sağlamlıq problemlərinə səbəb olur.



Bu barədə Media.Az-a Mərkəzi Gömrük Hospitalının pediatrı Nigar Mirzəyevə daha ətraflı danışıb.

Həkim bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) apardığı tədqiqatlara əsasən 61,9 faiz hallarda antibiotiklər respirator infeksiyalar, 29,8 faiz hallarda tonzillit və 16,4 faiz hallarda isə orta otitin müalicəsi zamanı istifadə olunur.

Tədqiqatın nəticələri pasiyentlərin antibiotik qəbul etdikləri xəstəliklərin əsasən böyük sayda virus patogenləri ilə əlaqəli olduğunu göstərib. Odur ki, 50 faiz hallarda antibiotik qəbuluna ehtiyac olmayıb.

Pediatr həmçinin ölkəmizdə valideynlərin övladlarına antibiotik verməsindən də bəhs edib.

"Virus infeksiyası zamanı uşaqlarda temperatur yüksəlir, boğaz ağrısı, öskürək və burun axması müşahidə olunur. Təbii ki, xəstəliyin ağır keçməsi, xüsusən yüksək temperaturla müşahidə olunması valideynləri narahat edir. Nəticədə valideynlər həkim məsləhəti olmadan uşaqlara antibiotik verməyə başlayırlar. Ancaq qeyd etmək lazımdır ki, virus infeksiyası zamanı simptomların davam etməsi 5-7 gün, hərdən isə üç həftəyə qədər davam edə bilər. Nəzərə almaq lazımdır ki, ağır simptomların olması antibiotiklərin qəbulu üçün səbəb deyil”, - deyə həkim bildirib.

Nigar Mirzəyevə eyni zamanda valideynlər tərəfindən həkim məsləhəti olmadan uşaqlara antibiotiklərin verilməsinin fəsadları barədə də bəhs edib.

"Əvvəla, antibiotiklərdən sui-istifadə hallarında uşaq orqanizmi onlara öyrəşir. Bu sonradan həkimlərin xəstəliyi müalicə etməsinə mane ola bilər. Belə olan halda müalicə ləngiyir. Bundan əlavə, antibiotiklərin qaraciyər və böyrəklər vasitəsilə orqanizmdən ifraz olunması səbəbindən bu orqanların işini pozur. Antibiotiklər həmçinin bədənin ehtiyac duyduğu faydalı bakteriyaları da məhv edir.

Pediatr qeyd edib ki, antibiotiklərdən yalnız bakterial infeksiyalar zamanı istifadə etmək lazımdır və bunun üçün də mütləq şəkildə həkim məsləhəti olmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu