Azərbaycan iqtisadiyyatının "xəstə" olduğunu sübut edən daha bir fakt: kredit reklamları - ŞƏRH
Azərbaycan iqtisadiyyatının "xəstə" olduğunu bizim publik məkanda yayımlanan reklam və elanlar da sübut edir.
AFN.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib. O, bankların reklam faizlərilə bağlı reklamlarından gəldiyi qənaəti bölüşüb: "Filan bank istehlak kreditini 12,5%-lə, filan bank 12%-lə təqdim edir. Elə eyni reklam blokunda başqa bir bankın kiçik və orta sahibkarklar üçün biznes kreditlərini 15,5%-dən başlayaraq, digər bank isə 16%-dən başlayaraq təqdim etdiyini reklam etdilər. Bu reklam çarxları belə iqtisadiyyatın xroniki "xəstəliyini" göstərir – normal sistemi, rəqabətli iqtisadiyyatı, ədalətli idarəetməsi olan ölkələrdə həmişə biznes kreditləri istehlak kreditlərindən həm ucuz, həm də uzunmüddətli olur. Yəni normalda, misal üçün, istehlak kreditləri 5% olanda, biznes kreditləri 3%-i keçməməlidir – bizdə isə tam tərsinədir. İstehlak kreditləri ilə əhalinin yüklənməsi isə ciddi ertələnmiş problemlər deməkdir – bir müddət sonra istehlak kreditləri problemli kreditlərə çevriləcək və bank sektorunda dalğalı vəziyyət yaranacaq".
N.Cəfərlinin sözlərinə görə, Prezident hər dəfə deyir ki, ölkədə əla biznes mühit var, amma biznes kreditləri istehlak kreditlərindən bahadırsa, deməli biznes mühit pisdir: "Deməli, məmləkətin iqtisadiyyatı “xəstədir”, “müalicəsi” isə artıq iqtisadiyyatda deyil, bu “dərdin dərmanı” idarəetmə sisteminin islahatıdır..."