HESTOUREX sərgisində Azərbaycanın Qarabağ bölgəsinin termal turizm imkanları nümayiş etdiriləcək
23-26 iyun tarixlərində Bakıda baş tutacaq 4-cü HESTOUREX Dünya Sağlamlıq Turizmi sərgisi ilə bağlı iyunun 20-də mətbuat konfransı keçirilib.
Sərginin rəsmi dəstəkçilərindən olan Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası İdarə Heyətinin sədri Ruslan Quliyev HESTOUREX barədə mətbuat nümayəndələrini məlumatlandıraraq bildirib ki, tədbirə Cənubi Amerika qitəsi xaric, bütün qitələrdən 22 Avropa ölkəsi daxil olmaqla, dünyanın 60-dan çox məkanından 1000-ə yaxın sağlamlıq turizmi təşkilatı qatılacaq. Türkiyənin də məşhur termal və sağlamlıq turizmi mərkəzlərinin iştirakı ilə baş tutacaq sərgidə çoxsaylı B2B görüşlərin təşkili planlaşdırılır. Sərgi zamanı çoxlu panellər və xüsusi təqdimatlar nümayiş olunacaq. İştirakçılar sərgi məkanında – Bakı Kristal Holda xəstəxanalar, klinikalar və turizm agentlikləri ilə işgüzar görüşlər keçirmə şansı əldə edəcəklər.
Ruslan Quliyev qeyd edib ki, bu sərginin özəlliklərindən biri də Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarının da termal turizm imkanlarının burada nümayiş etdirilməsidir.
HESTOUREX sərgisinin təşkilatçısı, Alanya Sağlamlıq Turizmi Assosiasiyasının sədri Ahmet Girgin Azərbaycanla Türkiyə arasında xüsusilə sağlıq turizmi əlaqələrinin daha da genişlənməsində bu sərginin böyük rol oynayacağını diqqətə çatdırıb. Onun sözlərinə görə, HESTOUREX sərgisi 2017-ci ildən pandemiya başlayana qədər Türkiyədə düzənli olaraq təşkil edilib. Tədbir ölkə prezidenti və 6 nazirlik tərəfindən dəstəklənib. Pandemiyadan sonra ilk sağlamlıq sərgisinin Bakıda keçirilməsinin səbəbi odur ki, Azərbaycanın zəngin termal turizm qaynaqlarının dünyada və qardaş Türkiyədə tanıdılmasına ehtiyac var. Çünki min bir dərdin dərmanı olan Naftalan neftinin, Azərbaycanın müxtəlif bölgələrində yerləşən istisu mənbələrinin, Naxçıvandakı Düzdağın, Şabrandakı Qalaaltının və s. müalicəvi imkanlarından insanlar yararlanmalıdır.
Qeyd edək ki, sərgi rəsmi olaraq Dövlət Turizm Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası tərəfindən dəstəklənir.
Bu sərgidə iştirak etmək istəyənlər ətraflı məlumat və qeydiyyat forması üçün aşağıdakı vebsayta daxil ola bilər.
https://hestourexazerbaycan.com/en/visitor/