132 nəfərin öldüyü təyyarənin qara qutusu tapılıb


“Çin Şərq Hava Yolları” (“China Eastern Airlines”) şirkətinin martın 21-də qəzaya uğramış “Boeing 737-800” təyyarəsinin qara qutularından biri tapılıb.


Bu barədə axtarış işləri aparan heyət üzvləri mətbuat konfransında açıqlama veriblər. Bildirilib ki, təyyarənin düşdüyü ərazinin dağlıq və sıx meşəlik ərazi olduğundan axtarış işləri çox çətinliklə aparılıb. Ümumiyyətlə, 680 min kvadratmetr sahəni əhatə edən axtarış işlərinə 2 min nəfər, 100-dən çox texnika, polis və hərbçilər cəlb olunub. Bundan başqa, axtarış işlərində dronlardan da geniş istifadə olunur. Hələlik sərnişin və heyət üzvlərindən heç kim tapılmayıb.

Qeyd edək ki, göyərtəsində 123 sərnişin və 9 heyət üzvünün olduğu təyyarə Çinin Kunmin şəhərindən Quancou şəhəri istiqamətində uçarkən Quansi Cuan muxtar bölgəsində qəzaya uğrayıb. Çin Mülki Aviasiya İdarəsinin məlumatına əsasən, MU5735 uçuşunu yerinə yetirən təyyarə yerli vaxtla 13:11-də havaya qalxdıqdan təxminən 1 saat 10 dəqiqə sonra radarlardan itib. Altı ildən çoxdur istifadədə olan təyyarə Tensiən rayonunda dağa çırpılıb və alışıb. Çinin 4 ən iri aviasiya şirkətindən olan “Şərq Hava Yolları” qəzadan sonra istifadəsində olan bütün “Boeing 737-800” tipli təyyarələrin uçuşunu dayandırıb. Dünyada təyyarə parkının ümumi dəyərinin bir trilyon ABŞ dollarına çatdığı yeganə ölkə ünvanına sahib olan Çinin əsas mülki aviasiya şirkətlərinin istismarında təxminən 1400 ədəd yeni nəsil “Boeing 737-800” tipli təyyarə var ki, bu da həmin şirkətlərin təyyarə parkının 37 faizi deməkdir. “Çin Şərq Hava Yolları” şirkəti isə uçuşlarda 225 belə təyyarədən istifadə edir.

“China Eastern Airlines” şirkəti qəza ilə əlaqədar 9 işçi qrup yaradıb. Bu qruplar hadisənin təhqiqatı, təyyarədə olan sərnişinlərin ailələrinə dəstək, logistika, hüquqi işlər, maliyyə və digər məsələlərlə məşğul olur.

“Boeing” şirkəti qəzanın araşdırılması üçün “Çin Şərq Hava Yolları” şirkəti ilə əməkdaşlıq etdiyini və lazımi dəstək verəcəyini açıqlayıb. Qəzadan sonra “Boeing” şirkətinin aksiyaları birjalarda 5,5 faiz ucuzlaşıb. Bu, “Boeing 737-800” tipli təyyarələrlə bağlı 22-ci, insan tələfatı ilə nəticələnən 10-cu hadisədir. Bu qəza həm də Çin mülki aviasiyasının 4227 günlük və ya 11 ilyarımlıq təhlükəsiz uçuş seriyasına son qoydu. Çin mülki aviasiyasında bundan əvvəlki sonuncu qəza 2010-cu ilin avqustunda baş verib. “Henan Hava Yolları” şirkətinə məxsus “Embraer E-100” tipli təyyarənin Heyloncian vilayətində qəzaya uğraması nəticəsində 44 nəfər ölmüş, 52 nəfər xəsarət almışdı. Çin mülki aviasiyasında qəzasız uçuş dövründə rekord sayda - 5 milyard 110 milyondan çox sərnişin daşınıb.

ABŞ-ın Federal Aviasiya Administrasiyası qəzanın təhqiqatına dəstək göstərməyə hazır olduğunu bəyan edib. ABŞ Nəqliyyatda Təhlükəsizlik Milli Bürosu isə hadisənin araşdırılması üçün məsul şəxs təyin edib. Qəzaya uğrayan təyyarədə əcnəbi sərnişinlərin olmadığı bildirilir. (AZƏRTAC)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu