I Qarabağ müharibəsi əlillərinə ödənişlərlə bağlı sənədlərin elektronlaşması iyunadək başa çatacaq


I Qarabağ müharibəsi əlillərinə ödənişlərin verilməsi ilə bağlı hazırda Müdafiə Nazirliyi və digər hərbi qurumlarla birgə dəqiq siyahıyaalma istiqamətində iş gedir.


Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, 90-cı illərin əvvəllərində müvafiq uçot, elektronlaşma və digər sənədlər ya olmayıb, ya da çox məhdud sayda olub: "Ona görə də bu sahədə müəyyən çətinliklər var. Həmin müddətdə hərbi həkim komissiyalarının verdiyi şəhadətnamələrin elektronlaşdırılması həyata keçirilir. Həmin siyahıda olan şəxslərin sosial sığorta alan və almayanları müəyyən ediləcək. Almayan şəxslərlə bağlı da müvafiq qərarlar verilərək ödənişlər icra olunacaq".

S.Babayev hesab edir ki, iyun ayınadək elektronlaşma başa çatacaq: "Hazırda kifayət qədər eyni adlarda olan şəxslərə dair şəhadətnamə var. Yaxud da şəxsiyyətlərinin müəyyənləşdirilməsində çətinlik yaşanan şəhadətnamələr var. Onların bəziləri ilk illərdə rus blanklarında hazırlanan şəhadətnamələrdir. Bunların hamısının uyğunlaşdırılması və yekun siyahının hazırlanması üzərində iş gedir. Həmin şəxslərin hər hansı bir quruma müraciət etməsinə ehtiyac yoxdur. Onlarla bağlı birbaşa üərar verilərək ödənişlər ediləcək. Kimlərin ki, məlumatı tam və dolğun deyil, onlarla bağlı çağırış ediləcək ki, qeydiyyatda olduqları rayonlar üzrə DOST mərkəzlərinə, DSMF-nin qurumlarına aidiyyəti sənədlərlə yaxınlaşmaqla yoxlamalardan keçərək ödənişlərini alsınlar. Planlaşdırırıq ki, bu il ərzində təxminən 20 minə yaxın şəxsə 120 milyon manat məbləğində vəsait ödəniləcək. Həmin şəxslərin sayı hələ yekun rəqəm deyil və siyahı dəqiqləşdiriləcək.

Qeyd edək ki, 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı sərəncama əsasən I dərəcə əlilliyə görə 8 800 manat, II dərəcə əlilliyə görə 6 600 manat, III dərəcə əlilliyə görə 4 400 manat vəsait ödəniləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu