Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısı keçiriləcək


Fevralın 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısı keçiriləcək.


Energetika Nazirliyindən AFN.az-a verilən məlumata görə, tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Avropa İttifaqı Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyinin, eləcə də ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Hersoqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir.

Həmçinin enerji şirkətlərindən BP, BOTAŞ, TPAO, TANAP, TAP, SNAM, Fluxys, İCGB, Romgaz, SACE, SGC, Enagas, Uniper, TotalEnergies, Equinor, Lukoil, maliyyə təsisatlarından isə Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər qurumların nümayəndələrinin də tədbirə qatılması nəzərdə tutulur. Məşvərət Şurasının bu ilki iclasında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti və “Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin nümayəndələrinin də iştirakı gözlənilir.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci iclası “Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər – Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi” və “Enerji keçidi – Karbohidrogen mənşəli yanacaqlardan və metan tullantılarının azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər” mövzularına həsr olunmuş plenar sessiyalarda keçiriləcək.

Tədbirin sonunda nazirlərin 8-ci iclasının yekunlarına dair mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı isə 2021-ci il fevralın 11-də keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu