Övladlarım üçün hər cür şərait yaradıram ki, ali təhsil alsınlar – usta ilə söhbət


20 ilə yaxındır tikinti sahəsində çalışır. Bu işə 2000-ci illərin əvvəllərində yeni ailə həyatı quranda maddi çətinliklərlə üzləşdiyi üçün gəlib. Həmin vaxt doğulub boya-başa çatdığı Göyçay rayonunda iş tapmadığı üçün paytaxta üz tutub.


Həmsöhbətimiz Göyçay rayonundan olan usta Cavadov Ruslandır. 45 yaşlı usta bu sənəti məcburiyyətdən öyrənsə də, indi necə deyərlər, halından məmnundur: “Dolanışığım normaldır, ailəmi saxlaya bilirəm, öz halal zəhmətimlə yaşayıram”. 2000-ci illərdə Bakıda tikinti bumu təzə başlayan ərəfədə Ruslan gənc oğlan idi və qeyd etdiyimiz kimi, yeni ailə qurmuşdu. Ölkənin digər bölgələrində yaşayan gənclər kimi o da öz rayonunda iş tapmayanda Bakıya üz tutub: “Həzi Aslanov metro stansiyası yaxınlığında da binalar tikilirdi, orda suvaq vuran ustaların yanında bir neçə ay fəhlə işlədim. Bu işə marağım vardı deyə tez mənimsədim və 7 aydan sonra özüm usta kimi işləməyə başladım. 3 il orada işlədim, sonra qayıtdım Göyçaya. Rayonda bir neçə iş gördükdən sonra artıq hər kəs məni tanıyırdı. 9 məktəbin suvaq işi mənə verildi. Qardaşlarımı və əsgər yoldaşım olan yeznəmi də götürdüm yanıma, 4 nəfərlə başladıq işə. Elə o vaxtdan rayonda tanınan suvaq ustasıyam. Fəxr edirəm ki, çörəyimi halal zəhmətimlə qazanıram”.

Ruslan usta hazırda işsizlikdən şikayətlənmir. Qardaşının biri Bakıya köçüb, digər qardaşı ilə birgə sifarişlər götürüb işləyir. Bu sənətə gələnə qədər həmsöhbətimiz topdansatış mağazalarında fəhlə kimi də işləyib. Ali təhsil almağa kasıbçılıq imkan verməyib: “3 qardaş 1 bacı idik, atamız fəhlədir, bizi oxutmağa imkanı olmadı. Biz qardaşlar körpə yaşlardan iş-güc dalınca qaçmışıq ki, atamıza ailəni saxlamağa kömək edək. Orta məktəbi bitirdim, sonra peşə məktəbində hesabdar-laborant kursu keçdim”.

R.Cavadovun iki oğul övladı var. Onlardan biri Mingəçevir Dövlət Universitetinin ingilis dili fakültəsində təhsil alır. Kiçik oğlu isə hələ orta məktəbdə təhsil alır: “Özüm imkansızlıqdan ali təhsil ala bilməmişəm, amma övladlarım üçün hər cür şərait yaradıram ki, ali təhsil alsınlar. Çox şükür ki, onlar da təhsilə həvəslidirlər”.

Ruslan usta işğaldan azad edilən torpaqlarda aparılan tikinti-bərpa işlərində iştirak etməyə can-başla hazır olduğunu deyir: “Qardaşımı, dostlarımı, hamısını başıma yığıb gedərəm orda işləməyə. Düzdür, rayonda da işlər çoxdur, amma bizim də köməyimiz lazım olsa imtina etmərik”.

R.Cavadov yaşadığı Göyçay rayonu haqda da bəzi maraqlı məqamları bölüşdü. Onun sözlərinə görə, rayonda usta da çoxdur, iş də: “Maşallah olsun, bizim rayonun adamları Rusiyada, digər xarici ölkələrdə yaxşı işlər görürlər, qazanıb göndərirlər, burda da tikinti-quruculuq işləri çox olur. Ona görə də, başqa rayonlardan sifariş gələndə çox vaxt müsbət cavab verə bilmirik”.

P.S. Yazı Norm Ustalar Klubu layihəsi çərçivəsində hazırlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu