GUAM üzvü dövlətlərin sərhədlərindən tranzit malların keçirilməsi təkmilləşdirilir


Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın Ticarətə və Nəqletməyə Yardım layihəsi üzrə Rəhbəredici Komitəsinin onlayn formatda növbəti görüşü keçirilib.


Tədbirə Azərbaycan tərəfindən Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturlarının rəhbərləri və məsul şəxsləri qatılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AFN-ə verilən məlumata görə, görüşdə məqsəd rəqəmsal texnologiyaların tətbiqi vasitəsilə tranzit malların GUAM üzv dövlətlərinin sərhədlərindən keçirilməsinin təkmilləşdirilməsi üzrə layihəni müzakirə etmək olub. Eləcə də üzv ölkələrdə gömrük sahəsində həyata keçirilmiş yeniliklərə dair məlumat mübadiləsinin aparılması, mal və nəqliyyat vasitələrinin gömrük-sərhəd buraxılış məntəqələrindən keçirilməsi zamanı prosedurların sadələşdirilməsi ilə əlaqədar qarşılıqlı fəaliyyətin gücləndirilməsi, iqtisadiyyat, ticarət və nəqliyyat sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə baxılıb.

İştirakçıları salamlayan GUAM Katibliyinin proqram koordinatoru Səbuhi Təmirov GUAM üzv ölkələrinə gömrük əməkdaşlığı sahəsində göstərdikləri diqqətə görə təşəkkürünü bildirib.

Sonra Dövlət Gömrük Komitəsinin gömrük işinin təşkilində informasiya texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi ilə bağlı elektron xidmətlərindən bəhs edən təqdimat olub.

Azərbaycan tərəfinın təqdimatında "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları"na edilmiş dəyişikliklər, "Nəqliyyat vasitələrinin gömrük-sərhəd buraxılış məntəqələrindən keçməsinin tənzimlənməsi məqsədilə yaradılan elektron növbə sistemi" layihəsi, 1 iyun 2020-ci il tarixində fəaliyyətə başlamış "Ümumi Tranzit Proseduru Konvensiyası, Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (YKTS) qoşulmaq prosesində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə Dəstək" tvinninq layihəsi və gömrük orqanları sistemində görülən digər işlər öz əksini tapıb.

Daha sonra Gürcüstan, Moldova və Ukrayna tərəfinin nümayəndələri çıxış edərək öz ölkələrində gömrük sahəsində tətbiq olunan yeniliklərlə bağlı ətraflı məlumat verib, qarşılıqlı əlaqələrin daha da güclənəcəyinə və səmərəli əməkdaşlığın beynəlxalq ticarətin sürətləndirilməsinə, biznes mühitinin daha da yaxşılaşdırılmasına töhfə verəcəyinə əmin olduqlarını ifadə ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu