Ərdoğanın imzaladığı saziş Azərbaycana nə verəcək? - Hərbi ekspert


"Regionda movcud hərbi siyasi vəziyyət Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsini deyil, eyni zamanda, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".



Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təsdiqlədiyi "Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i şərh edərkən deyib. O bildirib ki, bu əməkdaşlığın əsası 1992-də imzalanan "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə və 10 iyun 1996-cı ildə imzalanmış "Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması” ilə qoyulub: "2010-cu il sentyabrın 15-də imzalanan "Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması” haqqında Birgə Bəyannamə isə iki ölkənin hərbi sahədə əməkdaşlığını strateji səviyyəyə yüksəldib. Bundan başqa, Türkiyə Silahlı Qüvvələri Azərbaycan NATO təlimlərində birgə iştirak edirlər. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Türkiyə SQ ilə iki və çoxtərəfli hərbi təlimlərdə iştirak edirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən dünən təsdiqlənən "Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş” mövcud münasibətlərin yeni mərhələsi hesab olunur. Saziş hər iki ölkənin müdafiə sənayesində əməkdaşlığının daha da inkişaf etdirilməsinə imkan yaradacaq. Azərbaycanın həm hərbi sahədə inkişafı, həm də coğrafi mövqeyinin güclü olması, eyni zamanda Türkiyənin də güclənməsi deməkdir".

Ədalət Verdiyev hesab edir ki, iki dövlət arasında hərbi sahədəki əməkdaşlıq, regional təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayacaq: "İmzalan sazişdən əvvəl də qardaş ölkələrin müdafiə sənayesinin istehsal etdiyi məhsullar hər iki ölkə üçün qarşılıqlı şəkildə əlçatan idi. Lakin bu sazişdən sonra birgə müdafiə sənayesi müəssislərin yaradılması üçün münbit şərait yaranacaq. Türkiyədə son illərdə yaradılan müasir müdafiə sənayesinin, o cümlədən pilotsuz aviasiya, zirehli vasitələr, radioelektron avadanlıqlar, "ağıllı” sursatlar, raket və s. istehsalının Azərbaycanın da bu sahədə yeni nailiyyətlər əldə etməsinə imkan verəcək. İşğaldan azad edilən ərazilərimizdə daha böyük həcmli müdafiə sənaye müəssisələrinin yaradılması da gözlənilir".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu