Təlimə gələn Azərbaycan və Türkiyə xüsusi təyinatlıları qarşılıqlı vizadan azad edilib
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Anlaşma Memarondumu tərəflər arasında bağlanmış 1992-ci il 11 avqust tarixli “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim – təhsil haqqında müqavilə” və 1996-cı il 10 iyun tarixli “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında hərbi təlim, texniki və elmi sahədə əməkdaşlıq haqqında saziş”in müddəaları əsas götürülərək imzalanıb.
Anlaşma Memorandumunda qeyd olunan ev sahibi ölkənin dəstəyi göndərən ölkənin qüvvələrinin ev sahibi ölkənin ərazisinə daxil olduğu andan başlayır və göndərən ölkənin qüvvələrinin son komponentinin ev sahibi ölkənin ərazisini tərk edənədək davam edir.
Təlim zamanı ev sahibi ölkənin ərazisində olarkən yarana biləcək cinayət yuridiksiyası və intizam cəzasının verilməsi səlahiyyəti ilə bağlı bütün məsələlər 1992-ci il 11 avqust tarixli müqavilə və 1996-cı il 10 iyun tarixli sazişin müddəaları ilə tənzimlənir.
Göndərən ölkənin qüvvələri ev sahibi ölkənin ərazisinə gəliş və ev sahibi ölkənin ərazisindən gediş zamanı viza tələblərindən və ev sahibi ölkənin əcnəbilərin qeydiyyata alınması və nəzarəti ilə bağlı prosedurlardan azad olunur. Göndərən ölkə şəxsi heyət və təchizat barədə məlumatları gəlişindən ən azı 60 gün əvvəl müvafiq forma ilə ev sahibi ölkəyə göndərir.
Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.