Baş nazir əlilliyi olan şəxslərlə bağlı qərarı təsdiq etdi


Nazirlər Kabineti "Əlilliyi olan şəxslərin abilitasiyası Qaydası”nı təsdiq edib.



Bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, əlilliyi olan şəxslərin abilitasiyası qaydası aşağıdakı kimidir:

Əlilliyi olan şəxslərin abilitasiyası Qaydası "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əsasən hazırlanıb və əlilliyi olan şəxslərin abilitasiyası qaydasını müəyyən edir.

Qanuna əsasən, abilitasiya dedikdə, əlilliyi olan şəxsin mövcud potensialını maksimum inkişaf etdirməklə sərbəst yaşamaq imkanlarının artırılması nəzərdə tutulur.

Əlilliyi olan şəxslər üçün abilitasiya tədbirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş məzmunda hazırlanır və təsdiq edilir.

Abilitasiya tədbirlərinin hazırlanması aşağıdakı mərhələlərdən ibarətdir:

-abilitasiya üçün potensial imkan və qabiliyyətlərin qiymətləndirilməsi;

-abilitasiya tədbirləri üzrə nəticələrin proqnozlaşdırılması;

-abilitasiya tədbirlərinin müəyyən edilməsi.

"Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq, əlilliyin müəyyən edilməsi tarixindən 10 (on) iş günü müddətində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (MEİS) üzərindən əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin əlaqə vasitələrinin birinə (telefon, elektron poçt və ya mobil tətbiqlər vasitəsilə və s.) abilitasiya tədbirlərinin hazırlanması vaxtı və yeri barədə məlumat göndərilir. Əlilliyi olan şəxsin qanuni nümayəndəsi olmadıqda, eləcə də qanuni nümayəndə və ya əliliyi olan şəxs abilitasiya tədbirlərinin hazırlanmasında iştirak edə bilməyəcəyi barədə TSEK-i məlumatlandırdıqda abilitasiya tədbirləri onun yaşadığı yerdə hazırlanır.

Abilitasiya tədbirlərinin hazırlanması zamanı əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin fikirləri nəzərə alınır.

TSEK tərəfindən əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin iştirakı ilə abilitasiya tədbirləri 2 (iki) iş günü müddətində hazırlanır. Hazırlanmış abilitasiya tədbirləri 1 (bir) iş günü müddətində MEİS-ə daxil edilir.

TSEK abilitasiya tədbirlərinin müəyyənləşdirilməsi prosesinə aidiyyəti üzrə mütəxəssisləri cəlb edə bilər.

Müəyyən edilmiş abilitasiya tədbirlərinin effektivliyinin və ya hər hansı əlavə və dəyişikliklərin zəruriliyinin müəyyən olunması məqsədilə əlilliyi olan şəxslərə münasibətdə ildə bir dəfə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə isə altı ayda bir dəfə TSEK tərəfindən abilitasiya tədbirlərinə yenidən baxılır.

Əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin müraciəti əsasında abilitasiya tədbirlərinə əlavə və ya dəyişikliklərin zəruriliyinin müəyyən olunması məqsədilə bu Qaydanın 2.6-cı bəndində nəzərdə tutulmuş müddətdən əvvəl baxılır.

TSEK əlilliyi olan şəxsə və (və ya) onun qanuni nümayəndəsinə abilitasiya tədbirlərinin məqsədi, vəzifəsi, sosial- hüquqi səmərəsi və gözlənilən nəticələr barədə məlumat verir.

Abilitasiya tədbirlərinin yerinə yetirilməsi müddəti əlilliyi olan şəxsin sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının ağırlıq dərəcəsindən asılı olaraq TSEK tərəfindən müəyyən edilir.

Hazırlanmış abilitasiya tədbirləri Nazirliyin "e-sosial” internet portalında əlilliyi olan şəxsin şəxsi kabinetində (bundan sonra – şəxsi kabinet) xüsusi bölmədə əks olunur. Şəxsi kabinetdə əlilliyi olan şəxsin fərdi məlumatları, əlillik dərəcəsi, əlilliyin səbəbi, müddəti, abilitasiya tədbirlərinin təsdiq olunması tarixi, müəyyənləş- dirilmiş tədbirlər, onların başlanılması və bitməsi tarixləri, habelə icra vəziyyəti barədə məlumatlar əks olunur.

Əlilliyi olan şəxs və (və ya) onun qanuni nümayəndəsi TSEK tərəfindən müəyyənləşdirilmiş abilitasiya tədbirləri ilə razı olmadığı təqdirdə, "İnzibati icraat haqqında” Azərbaycan Respub- likasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.

Abilitasiya tədbirlərinə dair çıxarış elektron qaydada, texniki səbəblərə görə bu mümkün olmadıqda isə kağız daşıyıcıda bu tədbirlərin icraçısı kimi müəyyənləşdirilmiş icraçılara göndərilir.

Abilitasiya tədbirləri üzrə görülmüş işlərə dair məlumat icraçılar tərəfindən rübdə bir dəfədən az olmayaraq elektron qaydada, texniki səbəblərə görə bu mümkün olmadıqda isə kağız daşıyıcıda TSEK-ə təqdim edilir.

Təkrar əlilliyin müəyyən olunmasından sonra abilitasiya tədbirlərinin hazırlanması zamanı əvvəlki abilitasiya tədbirlərinin effektivliyinin və görülmüş müvafiq tədbirlərin nəticələri TSEK tərəfindən qiymətləndirilir.

Müddəti başa çatmış abilitasiya tədbirlərinin yerinə yetirilməsi barədə hesabat bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən olunmuş məzmunda TSEK tərəfindən tərtib edilir və hesabat dövründən sonrakı ayın 5-dən gec olmayaraq MEİS üzərindən Agentliyə təqdim edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu