Əlilliyi olan şəxslər üçün yeni "Reabilitasiya Konsepsiyası”nın layihəsi hazırlanır
Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı reabilitasiya işinin mütərəqqi dünya təcrübələri əsasında yenidən qurulması məqsədilə yeni “Reabilitasiya Konsepsiyası” sənədinin layihəsi üzərində iş gedir. Hazırda Almaniyanın Bədbəxt Hadisələrdən Sığorta Agentliyinə ilə bu istiqamətdə əməkdaşlıq həyata keçirilir.
AFN xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Finlandiyanın Azərbaycandakı səfirinin ofisi və Azərbaycan Əlillər Təşkilatları İttifaqının birgə təşkil etdiyi “Əlilliyi olan şəxslərin hüquqları” mövzusunda seminarda çıxışı zamanı deyib.
Nazir müavini Azərbaycanın BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqda Konvensiyası”nı ratifikasiya edən ilk ölkələrdən olduğunu bildirib. Qeyd edib ki, milli qanunvericiliyin bu Konvensiyanın prinsiplərinə və mütərəqqi beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun hazırlanıb və 31 may 2018-ci il tarixində qəbul olunub. Qanunun tətbiqi ilə əlaqədar 20-ə yaxın yeni normativ hüquqi akt, həmçinin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının müvafiq yarımbəndlərinin icrası məqsədilə “Əlilliyi olan şəxslərin abilitasiyası qaydası” və “Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi qaydası” ilə bağlı qərar layihəsi hazırlanıb.
A.Kərimov yeni hazırlanmış “Əlilliyin müəyyən olunması meyarları”, əlillik sahəsində Nazirlik tərəfindən hazırlanan yeni qanunvericilik layihələri, əlilliyin qiymətləndirilməsi üzrə elektron sistem barədə məlumat verib. Bildirib ki, Avropa regionu üzrə təşkil edilən “Yaxşı Təcrübə” müsabiqəsinin nəticələrinə əsasən, əlilliyin qiymətləndirilməsi üzrə Azərbaycanın e-sistemi Beynəlxalq Sosial Təminat Assosiasiyasının xüsusi mükafatına layiq görülüb. Eyni zamanda, Azərbaycanın bu təcrübəsi Qazaxıstan Respublikası tərəfdən öyrənilərək tətbiq edilir.
A.Kərimov Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində yeni yaradılan “Reabilitasiya” altsisteminin də önəmini diqqətə çatdırıb. Qeyd edib ki, əlilliyi olan şəxslərin reabilitasiya müəssisələrinə qəbulu Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən altsistemə daxil edilən göndərişlər əsasında aparılacaq. Bu da əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri üçün daha rahat və asan şəkildə müraciət imkanlarına malik olmasına, bərpa müəssisələrinə qəbul üzrə növbəliliyin e-qaydada və şəffaf, obyektiv aparılmasına, bu sahəyə nəzarətin daha təkmil qurulmasına imkan verəcək.
Nazir müavini bildirib ki, hazırda nazirliyin 14 reabilitasiya mərkəzi vardır, onlardan 8 mərkəzin (Mərdəkan Pansionatının, Yevlax, Naftalan, Xaçmaz, Şəki, Lənkəran və Sumqayıt bərpa mərkəzlərinin, eləcə də Protez Ortopedik Bərpa Mərkəzinin) əsaslı təmir və bərpadan sonra cari ilin sonuna qədər istifadəyə verilməsi, respublikanın bölgələrində yeni reabilitasiya mərkəzlərinin tikintisi nəzərdə tutulub.
A.Kərimov əlilliyi olan şəxslərin turizm xidmətlərindən, internet informasiya xidmətlərindən cəmiyyətin digər üzvləri ilə bərabər şəraitdə faydalanması, əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısının, işarət dilinin (jestika) istifadəsinin genişləndirilməsi, əlilliyi olan şəxslərin reyestrinin formalaşdırılması, yeni peşə-sosial reabilitasiya mərkəzlərinin yaradılması və s. istiqamətlərdə aparılan işlər barədə də ətraflı məlumat verib.