AMB: Hərbi qulluqçularımıza birdəfəlik sığorta ödənişləri təmin edilir
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda silahlı qüvvələrimizin qəhrəmancasına döyüşdüyü və tarixi zəfər qazandığı 44 günlük Vətən müharibəsində, həmçinin I Qarabağ müharibəsi dövründə şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə və müxtəlif dərəcəli xəsarətlər almış hərbçilərimizə birdəfəlik sığorta ödənişlərinin operativ qaydada təmin edilməsi və bu istiqamətdə işlərin effektiv və səmərəli təşkili məqsədilə Azərbaycan Mərkəzi Bankında (AMB) rəhbər işçilərdən ibarət İşçi Qrup yaradılıb.
Bu barədə AMB-nin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, İşçi Qrupu əlaqədar dövlət qurumları ilə, o cümlədən Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə hərbi qulluqçulara və ya onların vərəsələrinə sığorta ödənişlərinin operativ həyata keçirilməsi, bu məqsədlə lazımi təsdiqedici sənədlərin qısa zamanda hazırlanması üçün mütəşşəkkil qaydada iş aparır.
İşçı Qrupu dərhal şəhidlər, müharibə əlilləri, veteranları və iştirakçılarının sosial məsələləri üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən İşçi Qrupu ilə videokonfrans şəklində görüş keçirib, bu kateqoriyadan olan hərbi qulluqçuların sosial məsələlərinin həlli üzrə qarşılıqlı müzakirələr aparıb və birgə fəaliyyət proqramı müəyyən edilib. Eyni zamanda həmin İşçı Qrupuna AMB-dən və Dövlət Sığorta Kommersiya Şirkətindən ("Azərsığorta") nümayəndələr daxil edilib.
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" qanuna görə ölüm (şəhidlik), əlillik və xəsarət halları zamanı onlara sığorta ödənişlərini "Azərsığorta" verir. Müvafiq sığorta ödənişlərinin əldə edilməsi üçün edilən müraciətlərə "Azərsığorta"nın əsas ofisində və yaxud rayon filiallarında dərhal baxılması və ödənişlərin qısa zamanda həyata keçirilməsi məsələlərini İşçi Qrupu idarəetməyə və nəzarətə götürüb. Şirkətin əməkdaşları şəhid ailələrini ziyarət edib, onlara ödənişin verilməsi prosesinin asanlaşdırılması üçün bütün lazımi köməklik və zəruri hüquqi dəstəyi təmin edir.
Hərbi qulluqçularımızın və ya onların ailə üzvlərinin sığorta ödənişinin əldə edilməsi ilə bağlı hər hansı problemləri olarsa AMB-nin 966 qaynar xəttinə zəng vurmaqla müraciət etmələri xahiş olunur.