Avropa Liqası: "Qarabağ" ilk xalını qazana biləcəkmi?
"Report"un məlumatına görə, I qrupda yer alan Ağdam klubu V tur matçında İsrailin "Makkabi" (Tel-Əviv) komandası ilə qarşılaşacaq. Azərbaycandakı hərbi vəziyyətlə bağlı Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.
Azərbaycan çempionu matça ciddi itkilərlə çıxacaq. Komandanın ən böyük çatışmazlığı təbii ki, baş məşqçi Qurban Qurbanovun texniki zonada yer almaması olacaq. 48 yaşlı mütəxəssis koronavirusa yoluxduğu üçün Türkiyəyə getməyib. Mahir Emreli, Maksim Medvedev və Abbas Hüseynov da eyni səbəbdən oyunda iştirak edə bilməyəcək. Həmçinin milli komandanın düşərgəsindən qayıtdıqdan sonra koronavirus aşkarlanmış Musa Qurbanlının son iki testi neqativ çıxsa da, futbolçu məşqlərdən uzaq olduğu üçün "Makkabi" ilə oyunun heyətinə salınmayıb. Bədavi Hüseynovla Patrik Andrade isə zədəli olduqları üçün matçı buraxacaqlar. Əvəzində koronavirusdan sağalmış Rahil Məmmədov kollektivə qoşulub.
Bu oyun qrupda heç bir iddiası qalmayan Azərbaycan çempionu üçün formal xarakter daşıyacaq. Lakin matçın nəticəsi 2-ci yer uğrunda mübarizə aparan "Makkabi" və Türkiyə "Sivasspor"unu yaxından maraqlandırır. Hazırda I qrupuna 10 xalla İspaniyanın "Vilyarreal" komandası başçılıq edir. Tel-Əviv təmsilçisi 7 xalla 2-ci, Sivas klubu 6 xalla 3-cüdür. "Qarabağ"ın isə xalı yoxdur.
UEFA Avropa Liqası, qrup mərhələsi
V tur
21:55. "Qarabağ" (Azərbaycan) - "Makkabi" (Tel-Əviv, İsrail)
Hakimlər: Robert Hennessi, Allen Linç, Emmet Dinan, Pol Maklaflin
İstanbul, "Başakşehir Fatih Terim" stadionu
Qeyd edək ki, qrupun digər oyununda "Sivasspor" "Vilyarreal"ı qəbul edəcək.