Azərbaycanın Ombudsmanı fəaliyyətini dondurdu




Avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak etdiyi üçün cərimələnən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva fəaliyyətini dondurub.



“Report”un xəbərinə görə, avqustun 20-də İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğində cərimə edilən Ombudsmanın fəaliyyətindən artıq 8 gündür heç bir məlumat yoxdur.

Belə ki, Ombudsmanın rəsmi internet resursu olan http://www.ombudsman.gov.az/az saytına nəzər yetirdikdə sonuncu informasiyanın avqustun 20-də yerləşdirildiyi məlum olub. Beləliklə, bir həftədən çoxdur ki, Müvəkkilin fəaliyyəti ilə bağlı ictimaiyyətə heç bir məlumat verilməyib. Baxmayaraq ki, R.Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi ilə bağlı məlumatların yayıldığı günədək, demək olar ki, S.Əliyevanın keçirdiyi görüşlər, tədbirlər, qəbullar və bütövlükdə təşkilatın fəaliyyəti ilə bağlı məlumatlar ictimaiyyətin diqqətinə çatdırılıb.

Həmçinin, avqustun 20-dək Ombudsmanın Regional mərkəzləri də, demək olar ki, hər gün müxtəlif mövzuda onlayn görüşlər keçirib. Amma görünən odur ki, hazırda Ombudsmanın və onun regional nümayəndələri fəaliyyətini dondurub. Böyük ehtimalla hazırda Ombudsmanın şəxsən özünün və Milli Preventiv Qrupunun üzvləri tərəfindən həyata keçirilən başçəkmələr dayandırılıb, yaxud baş çəkmələr həyata keçirilsə də bu barədə ictimaiyyətə məlumat verilmir.

Mətbuat nümayəndələri dəfələrlə S.Əliyeva ilə əlaqə saxlamağa çalışsalar da, onun telefon zənglərinə cavab vermədiyi və yaxud da həmin nömrələri “blok” siyahısına əlavə etdiyi müşahidə olunub.

Bununla da, karantin qaydalarını kobud şəkildə pozan Müvəkkil özünü ictimaiyyətdən tam təcrid edib.

Bundan əlavə, məlum toyda rəqs görüntüləri də yayılan S.Əliyevanın bu dəfə özü ilə yanaşı geyindiyi libası və zinət əşyaları da müzakirə mövzusuna çevrilib. Sosial mediada onun məşhur “Valentino” brendindən olan libasının qiymətinin 2 860 dollardan (4 862 manat) başladığı bildirilib. Eyni zamanda, Ombudsman məşhur İtaliya brendi “DAMIANİ”yə məxsus bahalı sırğalarına görə də tənqid olunub. Qeyd olunub ki, çəhrayı rəngli yaqut və brilyant daşlarla bəzədilən sırğanın qiyməti 20 705 dollardır (35 200 manat).

Maraqlıdır ki, Müvəkkil sosial mediada və mətbuatda onun haqqında yayılan tənqidlərə heç bir münasibət bildirməyib. Sosial şəbəkə istifadəçiləri isə karantin qaydalarını kobud şəkildə pozan S.Əliyevanın istefasını tələb edir. Bundan əlavə, onun ən azından etdiyi səhvə görə Azərbaycan xalqından üzr istəməsi tələb edilib. Baxmayaraq ki, S.Əliyeva ilə birlikdə məlum toy mərasimində iştirak edən həyat yoldaşı deputat Siyavuş Novruzov 3 dəfə cəzalandırılıb. Ona birinci dəfə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən töhmət elan edilib. Daha sonra İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğində cərimələnib. Bununla yanaşı, YAP rəhbərliyi Siyavuş Novruzovu partiyanın İcra katibinin müavini postundan göndərib.//report.az





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu