Tibb işçilərinin maaşlarına əlavələr nəzərdə tutulan məbləğdə edilməyib - Qubad İbadoğlu




"Dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavələr nəzərdə tutulan məbləğdə edilməyib”.



Bunu iqtisadçı alim Qubad İbadoğlu Prezident İlham Əliyevin imzaladığı 18 mart, 1947 nömrəli sərəncamın yerinə yetirilməməsindən danışarkən deyib.

Q.İbadoğlu bununla bağlı ona saysız şikayətlər daxil olduğunu bildirib:

"Bəşəriyyətin mövcudluğunu təhdid edən koronavirus pandemiyası ilə mübarizədə tibb işçiləri - həkimlər, tibb bacıları, texniki heyət – indi döyüşün ön sıralarında yerini almış əsgər və zabitləri xatırladırlar. Onlar bizim üçün öz sağlamlıqlarını, həyatlarını təhlükəyə ataraq gözəgörünməz düşmənlə savaşırlar. Nə qədər ağır olsa da, dünyasını dəyişənlər və yoluxanlar arasında bizim həyatımızı qurtarmaq üçün mücadilə verən tibb işçiləri də var. Təcili tibbi yardım briqadasında çalışan həkim Zakir Xəlilov koronavirus infeksiyasının qurbanı olub.

İnsanlığın ən böyük sınaqlardan biri ilə üz-üzə qaldığı bu ağır günlərdə ölkəmizin fədakar tibb işçilərinə hər birimiz minnətdar olmalıyıq və hökümət olaraq onların qayğısını çəkməliyik. Hələ mart ayının 18-də İlham Əliyevin imzaladığı 1947 nömrəli Sərəncamda koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi nəzərdə tutulurdu. Bu sərəncamın icrasını təmin etmək məqsədilə 25 mart 2020-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar verib ki, tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli, təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində müddətli əlavə edilsin. Lakin, mənə edilən müraciətlərdən məlum olur ki, Nazirlər Kabinetinin qərarında sadalanan kateqoriyaya uyğun gələn dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavələr nəzərdə tutulan məbləğdə edilməyib”.

Qubad İbadoğlu vurğulayıb ki, tibb işçiləri ondan bu problem ictimailəşdirməyi xahiş ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu