COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşına əlavənin verilmə müddəti uzadılıb
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb.
AFN xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti sentyabrın 1-dək uzadılıb.
Əvvəl bu müddət avqustun 1-dək nəzərdə tutulmuşdu.
Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:
- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;
- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;
- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.