Azercell-dən rominqdə olan abunəçilərinə dəstək - Pulsuz zənglər imkanı
Yerli bazarın lider mobil operatoru “Azercell Telekom” MMC Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, hazırda ölkə hüdudlarından kənarda olan abunəçilərinə xüsusi diqqətlə yanaşır.
Belə ki, Azercell şirkəti hal-hazırda Azərbaycanla nəqliyyat əlaqələri məhdudlaşdırılmış ölkələrdə olan və rominq xidmətindən istifadə edən abunəçilərin balansına ailələri və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə 50 AZN məbləğində pul vəsaiti yükləmişdir. Həmçinin mart ayının 17-dən etibarən mobil operator bütün müştəriləri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Qaynar xətt"inə (1542) zənglərin ödənişsiz olmasını təmin edib.
Qeyd edək ki, hazırda Azercell-in Telefon Mərkəzi və Onlayn Müştəri Xidmətləri də gücləndirilmiş iş rejimi ilə çalışır. Belə ki, şirkət rominqdə olan abunəçilərinə müvafiq səfirliklərin əlaqə nömrələrinin təqdim edilməsi, habelə Təbib-in "Qaynar xətt"i ilə əlaqə saxlanılması istiqamətində hər cür dəstək göstərməyə hazırdır. Xatırladaq ki, rominq zamanı Azercell-in Fakturalı Xətt abunəçiləri +994506565000, Fakturasız Xətt (Sim-Sim) abunəçiləri isə +994502002111 nömrələri vasitəsilə mobil operatorun Telefon Mərkəzi ilə tamamilə ödənişsiz əlaqə saxlaya bilərlər.