Prezident Kürdəmirlə bağlı sərəncamlar verdi
Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmir şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AFN xəbər verir ki, sərəncamda deyilir:
1. Kürdəmir şəhərində 5 nömrəli şəhər tam orta məktəbi üçün 960 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Digər sərəncama əsasən, Kürdəmir şəhərində 8 nömrəli körpələr evi–uşaq bağçasının yeni binasının tikintisi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kürdəmir Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən 8 nömrəli körpələr evi–uşaq bağçasının 100 yerlik yeni binasının tikintisi üçün 1,5 milyon manat, 8 küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün 1,5 milyon manat ayrılıb.