AzTV-də sensasion istefa – “Xəzər”ləşən televiziyanın rəhbərliyinin planı nədir?
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Texniki İstehsalat Birliyinin direktoru Arzu Abdullayev öz ərizəsi ilə işdən kənarlaşdırılıb. Qeyd edək ki, A.Abdullayev ölkədə televiziyanın texniki parametrlərini yüksək səviyyədə bilən yeganə mütəxəssislərdən sayılır. Onun yerinə isə Xəzər Televiziyasında çalışmış və 4-5 ay idi ki, A.Abdullayevin müavini olan Elnur Əliyev təyin edilib.
İlkin ehtimallara görə, tender komissiyasının rəhbərlərindən biri olan A.Abdullayevin işdən uzaqlaşdırılması ilə AzTV sədri tender məsələlərinə nəzarəti də bütünlüklə yaxınlarına həvalə edir.
Arzu Abdullayev bu barədə ətraflı danışmaq istəmədiyini vurğulayıb.
Yeri gəlmişkən, bir neçə ay bundan əvvəl Texniki İstehsalat Birliyinin direktor müavini Knyaz Mehdiyev və oğlu da eyni gündə işdən kənarlaşdırılmışdılar. Artıq AzTV sədri haqqında Prezident İlham Əliyevə müraciət olunub.
Göründüyü kimi, Rövşən Məmmədovun əksər kadrları Əli Həsənova yaxın olan şəxslərdən, o cümlədən “Xəzər” Televiziyasında işləyənlərdən ibarətdir.
Xatırladaq ki, sədr Rövşən Məmmədovun həyat yoldaşı Ramilə Məmmədli də “Xəzər” Televiziyasında çalışır. Görünən odur ki, Əli Həsənov vəzifəsindən kənarlaşdırılsa da, onun kadrlarının yerləşdirilməsi prosesi davam edir. Rövşən Məmmədovun hansı məqsəd daşıdığını isə müvafiq orqanlar dəqiqləşdirsə, daha yaxşı olar.(Konkret.az)