ADDA-ya bu il qəbul olan tələbələr və onların valideynləri ilə görüş keçirilib - FOTOLAR
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) bu il qəbul olan tələbələr və onların valideynləri ilə görüş - “Açıq qapı günü” keçirilib.
“Açıq qapı günü”ndə ASCO, Azərbaycan Dövlət Dəniz Akademiyası və Bakı Gəmiqayırma Zavodunun rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Görüşdə çıxış edən Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov builki tələbə qəbulunun yekunları, Akademiyada tədrisin təşkili, tələbələr üçün yaradılan şərait barədə məlumat verib. Bildirib ki, ADDA-ya yüksək balla qəbul olanların sayında bu il də xeyli artım var. Belə ki, tələbə adını qazananların böyük əksəriyyəti 300-dən çox bal toplayıb.
Rektor qeyd edib ki, ADDA-nın diplomu 170-dən çox ölkədə tanınır və regionda dənizçi kadrları hazırlayan yeganə ali təhsil müəssisəsidir. Burada tədris prosesi beynəlxalq standartlara uyğun, şəffaflıq prinsipi ilə həyata keçirilir.
Heydər Əsədov əlavə edib ki, Akademiyada tələbələr pulsuz dərs vəsaitləri, yataqxana, geyim forması və gündə iki dəfə isti yeməklə təmin olunurlar.
ASCO-nun sədr müavini Nəzrəddin Əhmədzadə çıxışına tələbələri və onların valideynlərini təbrik etməklə başlayıb. O bildirib ki, şirkətin qarşısında duran mühüm strateji hədəflərdən biri də güclü kadr potensialının formalaşdırılmasıdır: “Bu səbəbdən Dəniz Akademiyasının tələbələrindən gözləntilərimiz çoxdur. Burada tələbələrin təhsilə maraqlarını artırmaq, onların peşəkar dənizçi kimi yetişmələrinə dəstək olmaq üçün hər cür şərait yaradılıb.
Nəzrəddin Əhmədzadə ADDA-nın məzunlarının dünyanın hər yerində işləmək imkanlarının olduğunu da bildirib: “Əminəm ki, gələcəyin peşəkar kadrları kimi siz Azərbaycanın mövcud dənizçilik imkanlarını daha da irəliyə apara biləcəksiniz. Bütün dövrlərdə nüfuzlu peşə sayılan dənizçi adına layiq olacaqsınız”.
Daha sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyəti barədə hazırlanan filmi nümayiş olunub.
Filmdən sonra ADDA-ya yüksək balla daxil olan iki nəfərə tələbə bileti və ASCO rəhbərliyi adından hədiyyələr təqdim olunub.
Bu il 644 balla Akademiyaya qəbul olan Namiq Həsən görüş iştirakçıları ilə sevincini bölüşüb: “Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alacağımdan qürur hissi duyuram. Valideynlərimin və müəllimlərimin etimadını doğrultmağa çalışacam”.
Tədbirdə 2018-ci ildə Akademiyanı 9 tələbənin fərqlənmə diplomu ilə bitirdiyi qeyd olunub. Onlardan dörd nəfərinə ADDA-nın fərqlənmə diplomu təqdim edilib.
Rəsmi hissə başa çatdıqdan sonra görüş qeyri-rəsmi formatda davam etdirilib. Tələbələr və valideynlər onları maraqlandıran suallar və məsələlərlə bağlı rəhbər şəxslərə müraciət ediblər.