“Kriptovalyuta ticarətinin tənzimlənməsi” üzrə İşçi Qrup fəaliyyət göstərirmi və haradadır?
Ötən ilin əvvəli Azərbaycanda “Kriptovalyuta ticarətinin tənzimlənməsi” ilə bağlı qanun layihəsinin hazırlanması üçün İşçi Qrupunun yaradıldığı bildirilmişdi. Artiq az qala iki il tamam olur, amma ortada fəaliyyət yoxdur. Bildiyim qədər Prezidentin iqtisadi siyasət və istehsalat məsələləri üzrə köməkçi xidmətinin baş məsləhətçisi Fərəh Məmmədova qrupa rəhbərlik edirdi. Əslində, bu sahə üzrə dünya təcrübəsini öyrənmək, trendləri izləmək və yerli qanunvericiliyi təkmilləşdirmək baxımından çox faydalı bir addım idi.
AFN xəbər verir ki, bunu İT eksperti Osman Gündüz bildirib. Onun sözlərinə görə, İşçi Qrupundan xəbər çıxamasa da, ötən müddət ərzində ölkədə blokçeyn və kriptovalyutalar sahəsində bir sıra konkret işlər də görüldü: "Prezident Fərmanı ilə təsdiq edilən “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda blokçeyn texnologiyalar və kriptovalyutalarla bağlı bəzi məqamlar qeyd olunmuşdu. Eyni zamanda bundan sonra bir sıra dövlət qurumlarında, DGK-da, Ədliyyə Nazirliyində, ASAN-da, Mərkəzi Bankda, ƏMDK-də blokçeyn texnologiyalarla bağlı müəyyən layihələrin , işlərin aparıldığı və bəzi sahələrdə konkret nəticələr əldə olunduğu da məlumdur.
Müxtəlif dövlət, özəl və ictimai qurumlar tərəfindən maraqlı tərəflərin iştirakı ilə müzakirələr təşkil olundu. Amma məlum olmayan odur ki həmi adı çəkilən İşçi Qrupu hara yox oldu ? Nəsə ortaya çıxarılıbmı ? Hansı ölkələrin təcrübəsi öyrənilib? Qanunvericiliyi təkmilləşdirmək üçün hansı təkliflər irəli sürülüb? Təəssüf ki, ötən müddət ərzində bu istiqamətdə İşçi Qrupunun hər hansı açıqlamalarını, hansısa müzakirələrin təşkilini müşahidə etməmişik".