TEKNOFEST və sektordakı problemlər
Teknofest festivalı öncəsi uzun müddət təsdiqini gözləyən sənədlərin qəbulu da çox yerinə düşərdi və faydalı olardı.
AFN.az xəbər verir ki, bu sözləri Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. O, qeyd edib ki, Azərbaycanın İnnovasiya strategiyası 3 ildən çoxdur ki, təsdiq gözləyir:
"Prezidentin 10 yanvar 2019-cu il tarixli fərmanı ilə 5 ay müddətində hazırlanması Prezident Administrasiyasına tapşırılmışdı.
Azərbaycanın rəqəmsal transformasiya konsepsiyası bir ildir ki, təsdiq gözləyir. Prezidentin 21 aprel 2022-ci il tarixli fərmanı ilə Nazirlər Kabineti 4 ay müddətində hazırlayıb Prezidentə təqdim etməliydi.
“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası indiyədək təsdiqlənməyib. Prezidentin 19 aprel 2021-ci il tarixli Sərəncamı ilə işçi qrup yaradılıb. Qrupa rəqəmsal inkişaf və nəqliyyat naziri rəhbərlik edir. 6 ay müddətində Prezidentə təqdim edilməliydi
İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası. 4 ildir təsdiqlənə bilmir. Prezidentin 27 aprel 20218-ci il tarixli sərəncamı ilə hazırlanmalıydı.
Bu qeyd edilən sənədlərin layihələrinin hazırlanmasına məsul olanlar dəfələrlə açıqlayıblar ki, layihərlər hazırdı və razılaşdırmalara verilib.
Bununla da adı çəkilən layihələr necə deyərlər "qaranlıq quyuya düşüb"".
Osman Gündüz Festival öncəsi sektorla əlaqəli daha bir neçə vacib məsələni xatırladıb. O, bildirib ki, dronların yarışmasını keçirəcəyimizə baxmayaraq hələ də “Dronların qedyiyyatı və istifadəsi ” ilə bağlı normal qaydalar hazırlanmayıb:
"Mövcud müvəqqəti Qaydalar isə dron gətirilməsi və qedydiyyat üçün 6 dövlət qurumundan icazə alınmasını tələb edir. Uzun illərdi ki, RİNN, KOBİA və ASAN cəmi 10 maddədən ibarət olan “Vençur maliyyələşmə və vençur” fondlar haqqında qanun layihəsini ortaya çıxara bilməyib".
Kriptovalyutalar haqqında qanunun qəbuluna, e-ticarət haqqında qanunun təkmilləşdirilməsinə də ciddi ehtiyac olduğunu qeyd edən ekspert, bununla da TEKNOFEST bayramı öncəsi sektorda mövcud olan bu problemləri və çağırışları bir daha qərar qəbul edənlərə xatırlatmaq istədiyini bildirib.