“Aqrar Tədarük və Təchizat” ASC ilə KOICA arasında görüş keçirilib
Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti ilə Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) arasında görüş keçirilib.
Görüşdə hər iki qurum arasında əldə edilmiş razılığa əsasən ölkəmizdə tədarük və təchizat sisteminin daha da təkmilləşdirilməsi məqsədilə Cəmiyyətin əməkdaşları üçün Cənubi Koreyada təşkil olunacaq təlimin təfərrüatları müzakirə edilib, təlim iştirakçılarına ilkin məlumatlar təqdim edilib.
Bildirilib ki, təlim proqramının icraçı agentliyi Hankyong Dövlət Universitetidir. 2 həftəlik təlim proqramında Koreya və bu ölkənin vilayətlərində ərzaq məhsullarının tədarükü və təchizatı sistemi, bu sahədə qanunvericilik, heyvandarlıq sahəsində ümumi idarəçilik sistemindən faydalanma, Gyeonggi şəhərində sertifikasiya sistemi, Korea Akkreditasiya və Xidmət Agentliyinin (KAHAS) funksiyaları, hərbi bazada ərzaq məhsullarının tədarükü və təchizatı, məktəblərdə ərzaq sistemi üzrə anlayışlar, Koreyada qida təhlükəsizliyi və digər mövzularda universitetin professorları tərəfindən mühazirələr oxunacaq.
Proqram iştirakçıları bu sahədə ölkəmizdə cari vəziyyət, ərzaq məhsullarının tədarükü və təchizatı sahəsində görülən işləri özündə ehtiva edən hesabat hazırlayacaq. Qarşılıqlı əməkdaşlıq çərçivəsində Koreyalı mütəxəssislər öz təcrübələrini bölüşəcək, Azərbaycanda tədarük və təchizat sisteminin daha da inkişaf etdirilməsi üçün təkliflər hazırlayacaq. Bundan başqa, təlim proqramının iştirakçıları koreyalı professorların rəhbərliyi altında Fəaliyyət Planı hazırlayacaqlar. Bu plan proqram iştirakçıları üçün ölkə hesabatında müəyyən edilmiş məsələlərin həll yollarının tapılmasında əsas sənədlərdən biri olacaq.
Qeyd edək ki, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə 18 avqust-31 avqust 2019-cu il tarixlərində Cənubi Koreyada “Azərbaycanda Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Sisteminin Təkmilləşdirilməsi (1-ci il)” təlim proqramı keçiriləcək. Proqramda “Aqrar Tədarük və Təchizat” ASC-nin müvafiq sahələr üzrə 12 əməkdaşı iştirak edəcək.