“Aqrar Tədarük və Təchizat” ASC-də qida təhlükəsizliyi mövzusunda təlim keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC-nin Loqistika və Anbar Departamentinin əməkdaşları üçün qida təhlükəsizliyi mövzusunda təlim keçirilib. Təlimin əsas məqsədi anbar və loqistika işində təhlükəsizliyin təmin olunması, qida təhlükəsizliyinin idarə edilməsi sistemindəki müasir metodlar barədə əməkdaşların məlumatlandırlıması olub.
Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) mühəndisi İsmət Həmidov tərəfindən verilən təlimdə iştirakçılar İSO 22000 sistemi ilə yaxından tanış olublar. Qeyd edək ki, İSO 22000 qida təhlükəsizliyini təmin etmək üçün menecment imkanı verən təhlillər sistemidir və əməl edilməli ümumi prinsip və metodları müəyyən edir. Bu prinsip və metodları tətbiq etməklə hər bir təşkilat özünün iş təcrübəsinə, şəraitinə və istehsal üsuluna xas olan sistem yarada və onu həyata keçirə bilər. İSO 22000 sistemi Avropa, ABŞ və bəzi Asiya ölkələrində qida məhsulları ilə bağlı bütün biznes sahələri üçün vacibdir. Bu ölkələrin bazarlarına girmək istəyən hər hansı bir ərzaq istehsalçısı mütləq bu sistemə malik olmalıdır.
Təlim zamanı bildirilib ki, ərzaq məhsullarının keyfiyyətinin, qəbulunun, saxlanmasının və daşınmasının insan həyatının təhlükəsizliyinə dair məcburi tələblərə cavab verməlidir.
Məlumat üçün bildirək ki, “Aqrar Tədarük və Təchizat” ASC-nin əsas işi kənd təsərrüfatı və ərzaq məhsullarını yerli qida istehsalçılarından dövlət vəsaiti hesabına almaq, saxlamaq və bu məhsullarla satınalan özəl müəssisə və dövlət təşkilatlarını təchiz etməkdir. ATT-nin fəaliyyətində anbar, loqistika və qida təhlükəsizliyi işinin düzgün təşkili və standartlara uyğunluğu prioritet istiqamətdir. Göstərilən xidmət səviyyəsinin daha da artırılması və ölkə vətəndaşlarının təhlükəsiz qida məhsulları ilə təmin olunmasının davamlılığını təmin etmək məqsədi ilə bu təlimlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.