"Problemli kreditlər fərmanı" kimə şamil olunacaq?- ekspertlərin ŞƏRHİ
Xəbər verildiyi kimi, prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
İqtisadçı-ekspert Rövşən Ağayev fərmanı şərh edib. AFN-in məlumatına görə, o bildirib ki, güzəşt yalnız fiziki şəxslər üçün nəzərdə tutulub: “Eyni zamanda, güzəşt yalnız 10.000 ABŞ dollara qədər olan borclara aid olacaq. 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiyaları qərarları nəticəsində artmış məbləğlər kompensasiyası ediləcək”.
R.Ağayev qeyd edib ki, güzəşt üçün başlanğıc tarix 2012-ci ilin yanvarın 1-i, son tarix bu gün - 2019-cu ilin 28 fevralı götürülür: “Vətəndaşların 10.000 dollara qədər kreditlərinə görə hesablanmış bütün faiz borcları silinir. 2012-ci il yanvarın 1-dən 2015-ci ilin 21 fevralınadək olan kredit borclarının hər dolları üçün 0.25 qəpik, 2015-ci ilin 21 fevralından 21 dekabrınadək verilən dollar kreditlərinin hər dolları üçün 60 qəpik dövlət büdcəsindən ödəniləcək”.
Ekspert qeyd edib ki, dövlət büdcəsi hesabına bu sxem üzrə kompensasiya ödəniş müddəti 360 günü ötdüyü halda banklara ödənir, əgər həmin müddəti keçməyibsə, bilavasitə vətəndaşın özünə çatdırlır: “Devalvasiya nəticəsində borcun artan hissəsi və hesablanmış faiz hissəsi dövlət büdcəsindən ödəndikdən sonra yerdə qalan hissə restruktruzasiya ediləcək - yəni şərtlər dəyişdiriləcək. Məsələn, 2015-cü ilin yanvarında vətəndaş 0.78 manat məzənnə ilə 5000 dollar borc götürüb. Həmin tarix üçün onun manatla borcu 3950 manat olmuşdusa, 21 dekabr 2015-ci ildə artıq 7750 manat olub. Belə vəziyyətdə məzənnə dəyişikliyi nəticəsində zərəri qarşılamaq üçün 5000 dollara görə 3000 manat (hər dollar üçün 60 qəpik) büdcə kompensasiyası ödənir. Devalvasiya nəticəsində artan hissə ödəndikdən sonra yerdə qalan borcları ödəmək üçün vətəndaşlara manatla yenidən hesablanmış borcları ödmək üçün 1 il güzəşt müddəti olmaqla 5 illiyə illik 1%-lə banklar tərəfindən kredit xətti açılır. Bu məqsədlə Mərkəzi Bank da banklara illik 0.5%-lə ümumi həcmi 682 mln. manat kredit xətti açması nəzərdə tutulur”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, Fərmanda 2015-ci ildə baş verən 21 fevral və 21 dekabr devalvasiyaları ilə bağlı ayrıca bəndlər nəzərdə tutulub: “Birinci devalvasiyadan sonra əhalinin banklara olan borcunun artan hissəsi 0.27 qəpik idisə, bugünkü fərmanla onun 0.25 qəpiyi silinib. İkinci devalvasiyadan sonra artan hissə 0.92 qəpik olmuşdusa, onun da 60 qəpiyi silinib. Fərmanla kreditlərin borc hissəsinə dəyilmir, əsasən borcun artan hissəsinə güzəşt edirlər”.
Parlamentarinin sözlərinə görə, eyni zamanda bank sisteminin sağlamlaşdırılması üçün Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasına göstərişlər verilib: “Bu qurumlara 682 milyon manat və 282 milyon manat vəsait ayrılır ki, bank sistemində faiz dərəcələri aşağı salınsın. Bank sisteminin kapitallaşamsı təmin olunsun, banklar normal fəaliyyət göstərə bilsin. Burada banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən ediləcək. Bu siyahı müəyyən edildikdən sonra isə fərmanın icrasına başlanılacaq”.