Dollar kreditlərinə dair yeni rəqəmlər açıqlandı
21 fevral 2015-ci il tarixinədək, yəni 1-ci devalvasiyaya qədər 10 000 dollara qədər kredit borcu olan şəxslər həmin tarixə xarici valyutada borcu olan vətəndaşların ümumi sayının 92%-ni təşkil edir.
Bu barədə deputat Tahir Mirkişili bildirib. Milli Məclis üzvü diqqətə çatdırıb ki, bu günə qədər 17 000 manata qədər vaxtı keçmiş kredit borcu olan vətəndaşlar milli valyuta vaxtı keçmiş kredit borcları olan vətəndaşların ümumi sayının 99%-ni təşkil edir.
"Bu günə qədər 10 000 dollara qədər vaxtı keçmiş kredit borcu olan vətəndaşlar isə dollarda vaxtı keçmiş kredit borcları olan vətəndaşların ümumi sayının 95%-ni təşkil edir. Bundan əlavə, bu günə qədər 10 000 dollar və (və ya) 17 000 manata qədər vaxtı keçmiş kredit borclarının ümumi həcmi 900 milyon manat, bu borclara hesablanmış faiz, dəbbə pulu və cərimələrin həcmi isə 750 milyon manat təşkil edir. Bu cür kreditlər 830 min fiziki şəxsi əhatə edir".
T.Mirkişili qeyd edib ki, vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə 311 000 iddia var və bu iddiaların həcmi 616 milyon manat civarındadır.(Azvision)