Kənd Təsərrüfatı Nazirliyində Xocalı faciəsi anılıb
Kənd Təsərrüfatı Nazirliyində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan nazir müavini Seyfəddin Talıbov “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”nda qarşıya qoyulan vəzifələr barədə danışıb. Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçib, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq şəhərə zirehli texnika yeridib, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutub.
Nazir müavini bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı hadisələrinə siyasi-hüquqi qiymət verilib. Qeyd olunub ki, Ulu Öndərin siyasi kursunu inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Dövlət başçısının uğurlu diplomatiyası nəticəsində Xocalı soyqırımını tanıyan dövlətlərin və təşkilatların sayı artır. Artıq dünyanın bir çox ölkələri, o cümlədən ABŞ-ın bir neçə ştatı parlament səviyyəsində Xocalı faciəsini soyqırımı kimi tanıyır. Nazir müavini Xocalı faciəsi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının böyük rolunu vurğulayıb.
O bildirib ki, soydaşlarımıza qarşı törədilən amansız cinayət əməllərinin gələcək nəsillərə çatdırılmasında, məhz gənclərin üzərinə böyük vəzifələr düşür.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin sədri Hidayət Kazımov, Yerli qurumlarla iş şöbəsinin müdir müavini Emin Əliyev və Heyvandarlığın təşkili və identifikasiyası şöbəsinin məsləhətçisi Fəxrəddin Səmədov son 200 il ərzində ermənilərin Azərbaycana ərazi iddiaları, mənfur qonşularımızın torpaqlarımızda yerləşdirilməsi, tarixən ermənilər tərəfindən xalqımıza qarşı törədilən qırğınlar, xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasəti, Xocalı faciəsinin törədilməsinin səbəbləri barədə danışıblar. Xocalı faciəsinin də əslində bu siyasətin davamı olduğu diqqətə çatdırılıb.