Dövlət Gömrük Komitəsinin Akademiyasında “Xocalısız 27 il” adlı anım tədbiri keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirin başlanğıcında Xocalı soyqırımı zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Akademiyanın mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi Qulu Novruzov 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda erməni hərbçiləri tərəfindən xüsusi vəhşiliklə törədilmiş soyqırım haqqında danışaraq, bu faciənin bəşər tarixində qanlı və faciəli iz buraxmış xüsusi qəddarlıq nümunəsi olan faciələrdən biri olduğunu vurğulayıb. Tarixə ekskurs edən Qulu Novruzov regionda öz maraqlarını həyata keçirən böyük dövlətlərin dəstəyi ilə qanlı faciələrin baş verdiyini təəssüflə bildirib. Azərbaycanlıların zaman-zaman öz dədə-baba yurdlarından deportasiya olunduğunu xatırladan Akademiya rəisi Sovetlər dövründə də indiki Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazilərindən azərbaycanlıların köçürüldüyünü, ideoloji pərdə altında genosid həyata keçirildiyini qeyd edib. 1988-ci ildən azərbaycanlılara qarşı növbəti məkrli siyasətə qol qoyan ermənilərin yenidən ərazi iddiaları qaldıraraq ölkəmizi qanlı müharibəyə çəkdiyini diqqətə çatdırıb. Xocalı soyqırımını törədən ermənilərin dinc, əliyalın əhaliyə qarşı amansız terror həyata keçirdiklərini, bununla da, beynəlxalq humanitar hüququn normalarını, insan haqları haqqında konvensiyalarda hələ 100 il bundan öncə təsdiqini tapmış müddəaları tapdaladıqlarını diqqətə çatdırıb. İnsanların məhz Azərbaycan türkü olduqları üçün qətlə yetirildiklərini qeyd edən Qulu Novruzov təəssüflə deyib ki, bu cür qətliamların, soyqırımların qarşısını almaq üçün beynəlxalq hüquqda kifayət qədər hüquqi baza yaradıldığına baxmayaraq, dünya birliyi bu faciəyə lazım olan beynəlxalq hüquqi, ictimai-siyasi qiyməti verməyib.
Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu sahədə ciddi addımlar atılmağa başlandığını deyən Qulu Novruzov 26 fevralın Xocalı soyqırımının ildönümü kimi qeyd olunmağa başladığını və bu həqiqətlərin bütün dünyaya çatdırılması üçün genişmiqyaslı tədbirlər keçirildiyini diqqətə çatdırıb. Akademiya rəisi, o cümlədən Heydər Əliyev Fondu tərəfindən müxtəlif xarici dillərdə çoxsaylı nəşrlərin dünya universitetlərinin kitabxanalarına paylanıldığını deyib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyasının aparıldığını xatırladan Qulu Novruzov Xocalı faciəsinin həqiqətlərinin beynəlxalq miqyasda yayılması istiqamətində görülən işləri qeyd edib.
Tədbirdə kinorejissor Ziya Şıxlinskinin Xocalı soyqırımına həsr olunmuş “Dua” filmi nümayiş olunub. Xüsusi dəvət olunmuş Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) Cahangir Cahangirov adına Xorunun kiçik heyəti tədbirdə “Şəbi-hicran” ədəbi kompozisiyasını ifa edib.
Tədbirdə Akademiyanın tələbələrinin ifasında “Xocalısız 27 il” adlı bədii kompozisiya da nümayiş etdirilib.