MSK seçicilərin siyahısını dəqiqləşdirir
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) ölkə üzrə seçicilər siyahısının dəqiqləşdirilməsinə start verib.
MSK-nın Media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, siyahıların dəqiqləşdirilməsi üçün geniş miqyaslı işə respublikadakı bütün aşağı seçki komissiyalarının 30 mindən artıq üzvü cəlb olunub və dəqiqləşdirmə prosesində həm Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin müvafiq orqanları, həm də yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq edilir.
Məlumatda qeyd olunur ki, qanunvericiliyə uyğun olaraq, vahid seçicilər siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılıb. Məntəqə seçki komissiyalarının üzvləri yerli icra orqanları və bələdiyyə qurumları tərəfindən təqdim edilən məlumatlar əsasında öz məntəqələrinin seçicilər siyahısını dəqiqləşdirərək, məntəqələr üzrə tərtib olunan seçici siyahılarını fevralın 5-dək müvafiq dairə seçki komissiyalarına təqdim ediblər.
Bundan sonra dairə seçki komissiyaları seçici siyahılarını yoxlayaraq əlaqədar qurumlardan daxil olan məlumat və statistik göstəricilərlə bir daha təhlil etməli və öz hüdudları daxilində müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını dəqiqləşdirərək aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.
Mərkəzi Seçki Komissiyası da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirəcək. Bu prosesə ən geci may ayının sonuna qədər yekun vurulması və ölkə üzrə yenidən tərtib olunan vahid seçicilər siyahısının Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdirilməsi nəzərdə tutulur.
Hər hansı bir səbəbdən adlarını seçici siyahılarında tapmayan vətəndaşlar Mərkəzi Seçki Komissiyasının 115 nömrəli qaynar xəttinə zəng vura və ya Komissiyanın internet səhifəsində olan onlayn ərizə formasını doldurmaqla müraciət edə bilərlər.