Dövlət Komitəsində 20 Yanvar faciəsinin ildönümü qeyd edilib- FOTOLAR
Yanvarın 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibəti ilə anım tədbiri keçirilib.
Tədbirdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, şöbə və departament rəhbərləri, “20 Yanvar cəmiyyətinin” üzvləri, “SABAH” qrupunun tələbələri iştirak ediblər.
Milli müstəqillik, azadlıq uğrunda mübarizədə həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib ki, 1990-cı il yavarın 20-də SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı apardığı ədalətsiz və qərəzli siyasətinə etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutulub. Milli azadlıq və müstəqillik üçün ayağa qalxan əhali həm də yerli rəhbərliyin yarıtmaz fəaliyyətinə etiraz edirdi. Həmin gün Azərbaycanda sovet hakimiyyəti tərəfindən törədilən faciə insanlığa qarşı törədilən ən qəddar cinayətlərdən biridir. Təəssüflər olsun ki, bu faciəni törədənlər hələ də öz layiqli cəzasını almayıb.
Qeyd olunub ki, 20 Yanvar faciə kimi yadda qalsa da, Azərbaycanın istiqlal mübarizəsinin rəmzidir. Qanlı yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmini, iradəsini qıra bilmədi. Baş vermiş bu faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra verilib. Cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı, 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi. Faciənin 10-cu ildönümünün qeyd edilməsi üçün də Ümummilli lider Heydər Əliyev tərəfindən fərman imzalanıb.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev 20 Yanvar faciəsi zamanı həlak olanların ailə üzvlərinə və yaxınlarına diqqət və qayğı göstərir. Şəhid ailələrinə və əlillərə birdəfəlik maddi yardım verilməsi, mənzillərlə təminatı göstərilən diqqətin bariz nümunəsidir. Şəhidlər Xiyabanının vahid kompleks kimi yenidən qurulması da dövlət başçısının şəhidlərin ruhuna olan ehtiramının ifadəsi idi. Birinci vitse-prezident xanım Mehriban Əliyeva müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinə də böyük qayğı ilə yanaşır. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görülür.
Tədbir çıxışlarla davam edib.
Sonda 20 Yanvar faciəsindən bəhs edən film nümayiş edilib.