Dövlət Statistika Komitəsində 20 yanvar-Ümumxalq Hüzn Günü ilə əlaqədar anım mərasimi keçirilib




Yanvarın 18-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində 20 Yanvar hadisələrinin 29-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.



Anım mərasimində faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Tədbirdə 20 Yanvar faciəsi haqqında məlumat verən Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov keçmiş sovet hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi təcavüzü insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi səciyyələndirib, eyni zamanda Аzərbaycan хаlqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizə tarixinə qəhrəmanlıq salnaməsi kimi yazıldığını qeyd edib. Bildirib ki, Qanlı Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri insanlığa, humanizmə qarşı törədilən cinayətdir. Bu hadisələr Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut edib. Vahab Məmmədov qeyd edib ki, 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də öz həyatını real təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında dinc əhaliyə qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd atılmış addım kimi pisləyib, ölkə rəhbərliyinin xalqa xəyanət etdiyini cəsarətlə söyləyərək sovet hakimiyyətinin qanlı siyasətini ifşa edib, bu qırğını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını qətiyyətlə tələb edib. Vurğulanıb ki, yalnız dahi rəhbər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəbləri araşdırılıb, 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilib, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilib. Ulu öndərin siyasi idarəçiliyini böyük məharətlə davam etdirən Prezident İlham Əliyev tərəfindən 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin daim uca tutulduğu, şəhid ailələrinin, əlil olmuş vətəndaşlarımızın dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunduğu, şəhid ailələrinin və sağlamlıqlarını itirmiş şəxslərin problemlərinin dövlət səviyyəsində həllinin mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd kimi qoyulduğu diqqətə çatdırılıb.

Komitənin Əhali statistikası şöbəsinin müdiri Rza Allahverdiyev, Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin məsləhətçisi Samir Quliyev və digərləri Azərbaycan tarixində çox mühüm yeri olan 20 Yanvar hadisələrinin xalqımızın yaddaşında hüznlü, eyni zamanda, şərəfli gün kimi qaldığını, öz istiqlaliyyətini tələb etmək üçün dinc etiraz hərəkatı keçirən Azərbaycan xalqına qarşı sovet imperiyasının xüsusi qəddarlıqla törətdiyi 20 Yanvar qırğınının insan haqlarının birbaşa pozulması və cinayət olduğunu qeyd ediblər. Çıxışlarda bu hadisənin yalnız ölkəmiz üçün deyil, bütün dünya üçün mühüm nəticələrə səbəb olduğu, Azərbaycanın və digər postsovet ölkələrinin azadlığa qovuşmasını sürətləndirdiyi, ulu öndər Heydər Əliyevin o zaman SSRİ-nin rəhbərliyinə qarşı tarixi bəyanatının, göstərdiyi qətiyyət və fədakarlığın əvəzedilməz olduğu bir daha xatırlanıb. Bu qanlı hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin göstərdiyi fədakarlıq və qəhrəmanlıq nümunəsi, sonralar faciəyə siyasi qiymətin verilməsində Ulu Öndərin böyük rolu xüsusi qeyd edilib.

Tədbirin sonunda Azərbaycan Televiziyasının hazırladığı 20 Yanvar faciəsindən bəhs edən film nümayiş olunub.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu